Bakı. Trend:
Artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarının maarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.
Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
