...

“Özünə sadiq ömür: Anarsız 15 il” - Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2026 15:26 (UTC +04:00)
“Özünə sadiq ömür: Anarsız 15 il” - Anar Məmmədxanovun xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

21 aprel 2026-cı il tarixində Bakı Kitab Mərkəzində Azərbaycan ictimai-siyasi və mədəni həyatında silinməz iz qoymuş Anar Məmmədxanovun xatirəsinə həsr olunan “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir görkəmli ictimai xadimin vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunub. Gecənin əsas məqsədi Anar Məmmədxanovun zəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq idi.

Tədbirdə ictimai xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də Anar Məmmədxanovu yaxından tanıyan şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək onların dostluğundan, birgə fəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib.

“Bu gün hər birimiz üçün çox vacib tarixlərdən biridir. Bizim üçün sarsıdıcı hadisədən 15 il ötür. 15 il hansı sürətlə ötdü, keçdi özümüz də anlamadıq. Anar Məmmədxanovun itkisi ilə sanki onun dövründə formalaşan, rəhbərlik etdiyi komandanın üzvlərindən, ailəsindən, övladlarından dəyərli hədiyyə alınmış kimi olub.

Anar dəyərlərimizə çox ciddi yanaşırdı. O, həmişə mütaliə içində olub. Bütün bunlarla yanaşı deyib-gülən insan idi. Qarabağlı idi və Qarabağın qaytarılması ən böyük arzusu olub. Həyatının ən böyük faciəsinin Xocalı olduğunu deyirdi. Bu gün Anarın ruhu şaddır, o bizi göylərdən görür. Ümidvaram ki, Anarın övladları və nəvələri Azərbaycan tarixində Anar qədər bir ad imzalayacaqlar”.

Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək onun həyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb.

“Bu gün burada iştirak edən hər kəs doğma insanlardır. Keçmiş illərdə də həmin insanlar bizə çox yaxın idi”.

Ardınca kitabın müəllifi Elmira Axundova çıxış edərək Anar Məmmədxanovun həyatına həsr olunmuş “Kapitanın taleyi” əsəri barədə məlumat veriv. Qeyd olunub ki, kitab Azərbaycan dilinə tərcümə edilib.

Tədbirdə çıxış edənlər arasında Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq baba olduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığını bildirib. Eyni zamanda atasının vətənə bağlılığından danışaraq Azərbaycanın bayrağını daim uca tutmağın vacibliyini vurğulayıb.

“Atamın vəfatından artıq 15 il keçir. Atam üçün bu illərdə əlamətdar sayılan hadisələr baş verib. Onun 3 nəvəsi var. Qarabağ arzusu həyata keçib. Qarabağımız artıq azaddır, dirçəlir. Məncə onun indi ruhu azaddır. Anam da həmişə atamın adını yüksək qoruyub saxlayıb. Anar Məmmədxanovun övladı olmaq mənim üçün böyük şərəfdir”.

Millət vəkili Asim Mollazadə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də çıxış edərək Anar Məmmədxanovun zəngin irsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər.

Məleykə Abbaszadə çıxışında qeyd edib ki, Anar Məmmədxanov məşhur "KVN"şik və siyasətçidir.

“Qızlarım məktəbdə təşkil edilən KVN-də iştirak edirdilər. Övladlarımla ünsiyyətdə olanları yaxşı tanıyırdım. Cabir İmanov qızlarımla bir sinifdə idi. Övladlarım üçün Anar bir kumir idi. Onun ölüm günü ailəm çox sarsıntı keçirib. Anar hər şeyi bacarmağa qadir insan olub. Anarın itkisi bizim üçün birinci faciə idi, sonra Cabiri də itirdik. Cavanlar ölməməlidir, lakin bu həyatda belə hadisələr baş verir. Anarı reallıqda görən uşaqlar artıq 50 yaşına çatıblar. Bu mənada Anar haqqında kitabın mövcudluğu çox vacibdir”.

Kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı Anar Məmmədxanovun əzimkarlığı və böyük şəxsiyyət olmasından danışıb.

Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayiş olunub.

Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanov haqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti