Bakı. Trend:
Bakıda Ümumdünya Kitab və Müəllif Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, AMEA-nın prezidenti İsa Həbibbəyli, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov çıxış ediblər.
Kamran İmanov çıxışında qeyd edib ki, tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.
Ombudsman Səbinə Əliyeva isə çıxışında qeyd edib ki, tarixi-mədəni irs xalqın milli kimliyini formalaşdıran əsas amillərdən biridir və onun qorunması beynəlxalq hüquqi məsələdir:
"Təəssüf ki, regionda baş verən proseslər nəticəsində xalqımız zorakılıq və kütləvi köçkünlüyə məruz qalıb. Ötən əsrin sonlarından etibarən baş verən hərbi hadisələr genişmiqyaslı humanitar problemlər yaradıb. İşğal dövründə Azərbaycanın mədəni irs nümunələrinə ciddi zərər vurulub.
Bu hallar yalnız mədəni irsin deyil, ümumbəşəri dəyərlərin qorunması baxımından da ciddi narahatlıq doğurur. Həmin ərazilərdə qeyri-maddi mədəniyyət formalarının mənimsənilməsi ilə bağlı problemlər də mövcuddur. Bunların obyektiv qiymətləndirilməsi elmi yanaşma və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir".
AMEA-nın prezidenti İsa Həbibəyli isə çıxışında ermənilərin qədim zamanlardan səpələnmiş xalq olduqları üçün hər hansı sivilizasiyanın yaranmasında iştirak etmədiklərini bildirib:
"Müasir reallıqları nəzərə alaraq, Nikol Paşinyanın “real Ermənistan” anlayışını qəbul edib bununla razılaşmaq Ermənistanın xeyrinədir".
Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli isə çıxışında erməni saxtakarlığı və uydurmalarında Cənubi Qafqaz və Kiçik Asiyanın ermənilərə məxsus olduğu iddiaları barədə danışıb.
AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov çıxışında Yeni Azərbaycan tarixi konsepsiyasına ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan tarixinin öyrənilməsi zamanı narahatlıq doğuran suallar da mövcuddur: azərbaycanlılar kimdir, biz nə vaxt türk olmuşuq və s. Yeni konsepsiyada bu suallara da cavab verilməsi nəzərdə tutulur.
Açılış nitqlərindən sonra Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov media üçün açıqlamalar verib və COPAT-ın hesabatını təqdim edib.
Tədbirin davamında sədr "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda məruzə edib.
Konfrans çıxış və məruzələrlə davam edib.
