Bakı. Trend:
Yeni müharibə olduğu halda İran Silahlı Qüvvələri qarşı tərəfə daha ağır zərbələr endirəcək.
Trend-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaradılmasının 48 illiyi ilə əlaqədar yaydığı bəyanatda qeyd olunub.
“40 günlük müharibədə SEPAH “Doğru Vəd 4” əməliyyatının 100 mərhələsini həyata keçirərək əsasən ABŞ və İsrailin regiondakı hərbi strukturuna ciddi şəkildə ziyan vurub”, - bəyanatda qeyd olunur.
SEPAH əlavə edir ki, İran Silahlı Qüvvələrinin bir parçası olaraq Keşikçilər Korpusu böyük sürprizlər yaradaraq qarşı tərəfə təsəvvür edə bilmədiyi zərbələri endirə bilər.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
