...

Paşinyan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin təmininə hazır olduqlarını bildirdi

Siyasət Materials 15 Yanvar 2026 12:29 (UTC +04:00)
Paşinyan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin təmininə hazır olduqlarını bildirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasına dair siyasi iradə dəyişməz olaraq qalır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında səsləndirib.

“Xüsusi vurğulamaq və bir daha təsdiq etmək istəyirəm ki, razılaşdırılmış çərçivə daxilində biz bu istiqamətdə irəliləməyə hazırıq, qətiyyətliyik və birmənalı şəkildə hərəkət edirik. Bu, dəfələrlə qeyd etdiyimiz prinsiplərə əsaslanmaqla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsini də əhatə edir. Bizim yanaşmamız ondan ibarətdir ki, burada da münaqişə məntiqindən uzaqlaşıb sülhə uyğun normal mühitə və düşüncə tərzinə keçid etməliyik,” – deyə Paşinyan bildirib.

Ermənistanlı baş nazir qeyd edib ki, həm Ermənistanda, həm də Azərbaycanda proses sürətli olmayacaq, çünki uzun illər davam edən münaqişənin formalaşdırdığı narrativlər hər iki cəmiyyət daxilində hələ də mövcuddur.

“...Biz daha praktik yanaşma qəbul etməli və işə fokuslanmalıyıq, çünki sülhün real və nəzərəçarpan faydaları müxtəlif narrativlər, şübhələr və çağırışlar üzərində sonsuz müzakirələrdən daha təsirli ola bilər,” – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti