...

TRIPP üzrə əldə olunan razılaşmalar ilk növbədə de-yuri qəbul olunmalıdır - Paşinyan

Siyasət Materials 15 Yanvar 2026 12:55 (UTC +04:00)
TRIPP üzrə əldə olunan razılaşmalar ilk növbədə de-yuri qəbul olunmalıdır - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

TRIPP üzrə əldə olunan razılaşmalar ilk növbədə de-yuri qəbul olunmalıdır.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında səsləndirib.

“Digər tərəfdən, bizi böyük həcmdə praktiki iş gözləyir. Dünənki bəyanatdan irəli gələn addımları mümkün qədər tez atmalıyıq. İlk növbədə, onları artıq de-yure sazişlər formasında qəbul etmək lazımdır. Biz zəruri saziş layihələri və hüquqi qərarlar üzərində işə başlayacağıq. Xüsusilə, Ermənistanda TRIPP adlı şirkət yaradılmalıdır”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, həmçinin TRİPP üzrə marşrutlar, yollar, tikinti hüquqları, torpaqdan istifadə məsələləri, infrastrukturun inşası və icazələrlə bağlı məsələlər təsbit olunalıdır.

“Düşünürəm ki, hazırlıq işlərinə bu gündən başlamaq lazımdır. Bu gündən etibarən bütün prosesləri nəzərdən keçirməliyik ki, hər şey lazımi qaydada və müəyyən edilmiş müddətlərdə həyata keçirilsin”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti