Ağdam. Trend:
Kənd əhalisinin Sarıcalıda rahat çalışa bilməsi üçün Sarıcalı kəndinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar minadan təmizlənməlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülərək məskunlaşdırılması prosesi artıq başlayıb. Birinci mərhələ çərçivəsində Sarıcalı kəndinin ərazisi minalardan təmizlənib:
“Sarıcalı kəndi keçmiş təmas xəttinə yaxın ərazilərdən biridir. Təxminən 30 il ərzində bu ərazilər minalanmışdı və burada yüksək dərəcədə mina çirklənməsi mövcuddur. Lakin qüvvələrimiz bu sahədə kifayət qədər uğurla çalışırlar. Hazırda "SARICALI 008" sahəsində işlər demək olar ki, yekunlaşmaq üzrədir. Təmizləmə başa çatdıqdan sonra növbəti əraziyə keçid olacaq”.
ANAMA İdarə Heyətinin sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:
“Minatəmizləmə fəaliyyəti işğaldan azad edilmiş bütün rayonlarda, o cümlədən Qazax rayonunda da icra olunur. Bu günədək 206 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan tam şəkildə təmizlənib. Ümumilikdə 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.
V. Süleymanov əlavə edib ki, partlayışlar həyata keçirilərkən yaxınlıqda yerləşən tikililərin və ərazidə olan insanların təhlükəsizliyinə və rahatlığına xüsusi diqqət yetirilir.