Bakı.Trend:
16 iyunda Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Latviyanın “Şimali Avropa Siyasəti Mərkəzi” beyin mərkəzinin birgə təşkilatçılığı ilə Riqa şəhərində “Azərbaycanda Minatəmizləmə Fəaliyyəti: Prioritetlər və Təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.
Trend Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinə istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirin təşkil olunmasının məqsədinin Azərbaycanın üzləşdiyi mina təhlükəsi, minatəmizləmə sahəsində aktual aspektləri, xüsusilə humanitar minatəmizləmə, beynəlxalq yardım və əməkdaşlığın zəruriliyi ilə bağlı məsələləri işıqlandırmaq olduğunu diqqətə çatdırıb. Səfir Ermənistanın 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirib. O qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1.5 milyon mina və partlamamış hərbi sursatlar basdırılıb, bu da Azərbaycan ərazisinin 13 faizdən çoxunu əhatə edir. Bildirilib ki, ölkəmizin üzləşdiyi bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına əngəl törədir.
Latviyanın sabiq Prezidenti Raymonds Veyonis Azərbaycanda mövcud mina probleminin törətdiyi fəsadlara toxunaraq, sözügedən təhlükənin böyük olduğunu qeyd edib və ANAMA-nın humanitar minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib. O, müharibənin bitdiyini, lakin davamlı sülh üçün təhlükəsiz yaşamaq imkanının əhəmiyyət kəsb etdiyini qeyd edib. R.Veyonis Azərbaycana yalnız sözlər ilə deyil, siyasi iradə göstərərək praktiki beynəlxalq dəstəyin edilməsinə çağırıb. O, həmçinin Latviyanın özünün də Birinci və İkinci Dünya Müharibələrindən qalmış partlamamış hərbi sursatlardan əziyyət çəkdiyini və Azərbaycanın əldə etdiyi bilik və təcrübəni nəzərə alaraq, bu sahədə ikitərəfli əməkdaşlığı faydalı olacağını vurğulayıb.
“Şimali Avropa Siyasəti Mərkəzi”nin sədri, Latviyanın sabiq müdafiə naziri Artis Pabriks ölkəmizin Latviya üçün Cənubi Qafqazda uzun illər strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq, hazırkı dəyirmi masanın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxından tanış olmaq üçün imkan yaratdığını bildirib. O, tədbirdə Latviyanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakını qeyd edib və müzakirələrin hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu ifadə edib. A.Pabriks Azərbaycanın öz torpaqlarını işğaldan azad etmiş dünyanın nadir ölkələrdən biri olduğunu, lakin hələ də mina təhlükəsindən əziyyət çəkdiyini və bu problemin həll olunması üçün beynəlxalq yardımın göstərilməsinin zəruri olduğunu vurğulayıb. O, Azərbaycanda mövcud mina probleminin insan həyatı üçün təhlükəli olmasından əlavə mədəni irsinə böyük təhdid olduğunu bildirib.
Sonra Milli Məclisinin üzvü Qaya Məmmədov çıxış edərək, Azərbaycan torpaqlarının işğaldan azad olmasından sonra, məcburi köçkün düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması üçün Azərbaycan Hökumətinin külli miqdarda vəsaitin xərclədiyini, lakin Ermənistanın həm də keçmiş təmas xəttindən uzaq, mülki ərazilərdə mina basdırması soydaşlarımızın qayıtması üçün ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Q.Məmmədov problemin miqyasının böyük olması, azad olunmuş torpaqların mina və partlamamış hərbi sursatlardan təmizləmək üçün xarici yardımın 5 faizdən də az olduğununa diqqəti cəlb edərək, beynəlxalq dəstəyin artırılmasının insan həmrəyliyi və davamlı sülhün əldə edilməsi baxımından vacibliyini vurğulayıb. O, minatəmizləmə sahəsində ölkəmizin əldə etdiyi bilik və təcrübənin artıq beynəlxalq tərəfdaşlar ilə bölüşdüyü və bir sıra ölkələrə bu sahədə göstərilmiş yardım barədə söz açıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov minatəmizləmə sahəsində fəaliyyətə dair təqdimat keçirib. S.Poladov mina və partlamamış hərbi sursatlarla dünyada ən əziyyət çəkən ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası, ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, mina təmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi, mina təhdidlərinin yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verib. O, minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də ziyan yetirdiyini və Azərbaycan minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyətini vurğulayıb. S.Poladov ANAMA-nın sözügedən sahədə topladığı təcrübə haqqında söz açıb və ərazilərdə minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyalar, avadanlıqlar və müasir yanaşmalar tətbiq etdiyini diqqətə çatdırıb.
Daha sonra Latviya Milli Silahlı Qüvvələrinin polkovnik-leytenantı Kaspars Ladzinş mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində Latviya təcrübəsi ilə bölüşüb. Tədbir müzakirələr ilə davam edib.
Tədbirdə Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Latviyada akkreditə olunan diplomatik nümayəndəliklərin nümayəndələri və ekspert dairələrinin təmsilçiləri iştirak ediblər.