Bakı. Trend:
Çin müəyyən mənada özünü Qlobal Cənubun lideri kimi mövqeləndirir və tədricən dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.
Trend xəbər verir ki, bunu Sloveniyanın sabiq prezidenti Borut Pahor bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırkı tarixi geosiyasi mərhələdə Çin qalib tərəf kimi görünür.
“Son 20 il ərzində Çinin qlobal lider roluna hazırlanması üçün çox böyük işlər görülüb və bu, həqiqətən təsir edicidir. Son beş-on il ərzində Çində olmuş hər kəs nəhəng inkişafın şahidi olub. Lakin məsələ yalnız zahiri dəyişikliklərlə məhdudlaşmır – söhbət həm də Çinin qlobal məsələlərdə siyasi mövqeyinin yenidən formalaşdırılmasından gedir”, – sabiq prezident bildirib.
B. Pahor qeyd edib ki, mahiyyət etibarilə Çin beynəlxalq nizamın strukturunu, o cümlədən hüququn aliliyini, beynəlxalq institutları və sistemin digər elementlərini ciddi şəkildə dəyişmir. Lakin yeni amil Qlobal Cənub ölkələrinin fəallaşmasıdır.
