Bakı. Trend:
Azərbaycan Respublikasına səfər etmək istəyən Türkmənistan
vətəndaşları üçün “ASAN Viza” portalının türkmən dilində versiyası
istifadəyə verilib.
Bu barədə Trend-ə Azərbaycan
Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Bildirilir ki, portalın türkmən dilində versiyasının istifadəyə
verilməsi elektron viza rəsmiləşdirilməsi prosesini Türkmənistan
vətəndaşları üçün daha rahat və əlçatan etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan
Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən həyata
keçirilib.
Hazırda Türkmənistan vətəndaşları “ASAN Viza” portalına https://www.evisa.gov.az/tk/ linki vasitəsilə daxil
olaraq elektron viza müraciətlərini digər dillərlə yanaşı, türkmən
dilində də edə bilərlər.
