Bakı.Trend:
İranın Hərbi Dəniz Qüvvələri ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısına bir neçə zərbə endirib və onu qismən sıradan çıxarıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında bildirilir.
“ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və sıradan çıxarılıb”, – İranın dövlət teleradio şirkəti onun sözlərini sitat gətirir.
İran Silahlı Qüvvələri qeyd edib ki, aviadaşıyıcı Fars körfəzi bölgəsini tərk edərək ABŞ-yə doğru yola düşür.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
