...

Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsi hazırlanacaq

Turizm Materials 13 Mart 2026 11:00 (UTC +04:00)
Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsi hazırlanacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend

Ölkədə turizmlə bağlı investisiya imkanlarının təbliği məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən Turizm İnvestisiya Kataloqunun hazırlanması işləri aparılır. Kataloqda Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Xaçmaz və Şabran rayonlarında müxtəlif turizm layihələrinin təşviqi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, həmçinin təbii və mədəni turizm potensialından istifadə etməklə turizmin inkişafının təmin olunması məqsədilə Xaçmaz rayonunun Turizm İnkişaf Konsepsiyası hazırlanıb.

Eyni zamanda, bölgələrdə turizm cəlbediciliyinin daha da artırılması istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın müvafiq bəndinə əsasən, Agentlik tərəfindən "Turistik kand layihəsi icra olunur. Layihə çərçivəsində turizm potensialı yüksək olan Qubanın Qrız, Lerikin Bibiyanı, İsmayıllının İvanovka, Qəbələnin Duruca, Qusarın Laza, Qaxın İlisu və Sarıbaş kəndləri seçilib. Layihənin məqsədi bu kəndlərdə dayanıqlı turizmin inkişafı, yerli icmaların iqtisadi aktivliyinin artırılması və müasir turizm infrastrukturunun yaradılmasıdır. Hazırda Laza, İlisu və Sarıbaş kəndlərində, infrastrukturun layihələndirilməsi yekunlaşdırılıb. Laza kəndində tikinti işlərinə başlanılma mərhələsindədir. Digər dörd kənd üzrə layihələndirmə prosesi davam edir.

Ölkəmizin turizm potensialı nəzərə alınaraq AZPROMO tərəfindən bir sıra rayon və şəhərdə turizm üçün investisiyaya cəlbedici olan layihələr hazırlanaraq xarici investorlara təqdim edilən investisiya kataloquna əlavə edilib.

Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsinin hazırlanması 2027-ci il üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti