Bakı. Trend:
Müvafiq bazarlarda sağlam rəqabətin təmin olunması, istehlakçıların seçim imkanlarının məhdudlaşdırılmasına, eləcə də, qiymət artımlarına səbəb ola biləcək halların qarşısının alınması üçün təmərküzləşmə əməliyyatlarına dövlət nəzarətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə deyib.
O, müsahibəsində Rəqabət Məcəlləsində təsbit olunmuş iqtisadi təmərküzləşmələrin mahiyyəti və bu sahədə dövlət nəzarəti, razılıq tələb olunan təmərküzləşmələrin qiymətləndirilməsi prosesi, iqtisadi təmərküzləşmələr ilə bağlı müraciətlərin edilməsi qaydası, eləcə də təmərküzləşmə hesab olunmayan hallarla bağlı fikirlərini bölüşüb.
Agentlik rəsmisi əvvəlcə “iqtisadi təmərküzləşmə” anlayışını izah edib və daha sonra bu sahədə dövlət nəzarətinin zəruriliyindən danışıb:
“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit olunmuş əsas anlayışlardan biri “iqtisadi təmərküzləşmə” anlayışıdır. Sözügedən Məcəlləyə görə, bir və ya bir neçə təsərrüfat subyektinin, onun müəyyən hissələrinin birləşməsi, yaxud təsərrüfat subyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələri, səhmləri, payları) və hüquqlarının əldə edilməsi, eləcə də birgə təsərrüfat subyektinin yaradılması təmərküzləşmə hesab olunur.
Müvafiq bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin təmərküzləşməsi prosesi məhsulları təchizat zənciri boyunca formalaşan qiymətdən daha ucuza təklif etmək, yeni məhsullar hazırlamaq və ya keyfiyyəti artırmaq kimi müxtəlif faydalar gətirə bilər. Digər tərəfdən, bu cür əməliyyatlar hökmran mövqe yaratmaq və ya bu mövqeni gücləndirməklə bazarda rəqabəti azaltmaq riskini də daşıya bilər. Bu səbəbdən rəqabəti məhdudlaşdıran, istehlakçılar üçün qiymətləri artıran, müxtəlifliyi azaldan və innovasiyaları zəiflədən təmərküzləşmələr rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində qadağandır”.
G.Camalzadənin sözlərinə görə, müvafiq bazarlarda sağlam rəqabətin təmin olunması, istehlakçıların seçim imkanlarının məhdudlaşdırılmasına, eləcə də qiymət artımlarına səbəb ola biləcək halların qarşısının alınması üçün təmərküzləşmə əməliyyatlarına dövlət nəzarətinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir:
“Rəqabət orqanının bu sahədə həyata keçirdiyi hüquqi tənzimləmə tədbirləri həm bazar iştirakçıları arasında balanslı rəqabətqabiliyyətliliyin qorunmasına, həm də rəqabətin stimullaşdırılması ilə iqtisadi səmərəliliyin təmin olunmasına xidmət edir. Bu baxımdan təmərküzləşmə əməliyyatlarına dair hüquqi çərçivənin müəyyən edilməsi və onun effektiv icrası rəqabət mühitinin davamlı inkişafı üçün çox vacibdir”.
Qiymətləndirmə çərçivəsində ölkənin bütün ərazisində rəqabəti məhdudlaşdıran, hökmran mövqenin yaradılması ilə nəticələnən təmərküzləşmələr təhlil olunur və qadağan edilir
Agentlik rəsmisi qeyd edib ki, təmərküzləşmələr üçün rəqabət orqanından razılıq alınmasının əsas məqsədi müvafiq bazarda rəqabət səviyyəsinin təmin edilməsi, eləcə də rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən əməliyyatların qarşısının alınmasından ibarətdir:
“Rəqabəti məhdudlaşdıra biləcək iqtisadi təmərküzləşmələr öz növbəsində bazarın rəqabət strukturuna mənfi təsir göstərə və bununla da müvafiq bazarın təmərküzləşmə səviyyəsini artıra bilər. Bu isə son nəticədə hökmran mövqedən sui-istifadə hallarının yaranmasına, əsassız qiymət artımına, mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsinə, müvafiq bazarda innovativ yeniliklərin tətbiqinin məhdudlaşdırılmasına, yekun etibarilə istehlakçıların əldə etdiyi izafi faydanın azalmasına səbəb olur”.
“Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən ən az biri müvafiq bazarda hökmran mövqedə olduqda, təmərküzləşmədə iştirak edən və ya bu əməliyyatdan sonra yaranan təsərrüfat subyektinin dövriyyəsi 25 milyon manatdan çox olduqda, təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi ölkə daxilində və ölkə xaricində 35 milyon manatdan çox olduqda, təsərrüfat subyektindən birinin ümumi dövriyyəsi 15, digərlərinin ümumi dövriyyəsi 5 milyon manatdan çox olduqda və ya dövriyyələr bu hədlərdən az olmasına baxmayaraq, təmərküzləşmə əqdinin tərəflərindən ən az birinin payı müvafiq bazarda 20%-dən çox olduqda bu təmərküzləşmələrin həyata keçirilməsi üçün rəqabət orqanının razılığı alınmalıdır.
Bundan əlavə, rəqabət orqanı tərəfindən razılıq tələb olunan təmərküzləşmələrin qiymətləndirilməsi də aparılır. Qiymətləndirmə təmərküzləşmələrin müvafiq bazarın strukturuna, həmçinin rəqabətin qorunması və inkişafına təsirlərinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Qiymətləndirmə çərçivəsində ölkənin bütün ərazisində və ya onun bir hissəsində rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən, hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən və ya nəticələnə bilən təmərküzləşmələr təhlil olunur və rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq qadağan edilir və ya əlavə tənzimləyici şərtlər daxilində razılıq verilməsi üçün qərar qəbul edilir.
Əgər rəqabət orqanı hesab edərsə ki, təsərrüfat subyektlərinin təmərküzləşməsi texnologiya, səmərəlilik və ya başqa müsbət təsirlər baxımından müvafiq bazara, eləcə də istehlakçılara daha çox fayda gətirə bilər və bu fayda başqa yollarla əldə edilə bilinməzsə, bu halda təmərküzləşməyə razılıq verilir”, - deyə G. Camalzadə bildirib.
İqtisadi təmərküzləşmələr ilə bağlı müraciətlərin edilməsi qaydası
Agentlik rəsmisi qeyd edib ki, təmərküzləşmə həyata keçirilməzdən əvvəl, eləcə də təmərküzləşməyə dair müqavilə bağlanıldıqdan, qərar qəbul edildikdən, təklif verildikdən və ya tərəflər arasında razılıq əldə olunduqdan sonra 30 gün ərzində rəqabət orqanına razılıq alınması üçün ərizə ilə müraciət etmək lazımdır: “Ərizə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.07.2024-cü il tarixli 363 nömrəli qərarı ilə təsdiq olunmuş formaya uyğun tərtib olunmalıdır.
Ərizə təmərküzləşmədə iştirak edən və ya birgə nəzarəti əldə edən təsərrüfat subyektləri, həmçinin bir və ya daha çox təsərrüfat subyektinin müəyyən hissələri, yəni səhmləri, payları və s. üzərində nəzarət əldə edən təsərrüfat subyekti tərəfindən təqdim edilir.
Ərizə sözügedən Məcəllənin müvafiq maddəsi ilə nəzərdə tutulan sənəd və məlumatların təsdiq edilmiş surətləri və ərizənin araşdırılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ilə birlikdə təqdim edilməlidir”.
G. Camalzadə bildirib ki, ərizə təqdim edildikdən sonra rəqabət orqanı tərəfindən onun Rəqabət Məcəlləsinin tələblərinə uyğunluğu yoxlanılır: “Əgər ərizədə, həmçinin ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilərsə, onların aradan qaldırılması barədə təsərrüfat subyektinə bildiriş təqdim edilir. Təsərrüfat subyekti bildirişi aldığı gündən ən geci 10 iş günü müddətində qeyd edilən çatışmazlıqları aradan qaldırmalı və rəqabət orqanına yazılı məlumat təqdim etməlidir.
Ərizə onun təqdim edildiyi gündən 30 iş günü müddətində araşdırılır. Araşdırma üçün daha artıq müddət tələb olunarsa, rəqabət orqanının qərarı əsasında araşdırma müddəti hər dəfə 30 iş günü olmaqla 2 dəfə uzadıla bilər.
Araşdırmanın nəticəsində rəqabət orqanı tərəfindən aşağıdakı əsaslandırılmış qərarlardan biri qəbul edilir:
ərizənin baxılmamış saxlanılması;
ərizənin təmin edilməsi və ya qismən təmin edilməsi;
ərizənin təmin edilməsindən imtina edilməsi.
Rəqabət orqanı tərəfindən qəbul edilmiş qərar 3 iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir”.
Təmərküzləşmə hesab olunmayan hallar
G.Camalızadənin sözlərinə görə, Rəqabət Məcəlləsinə əsasən, maliyyə institutları 1 il ərzində təkrar satış məqsədilə hər hansı təsərrüfat subyektinin səhmlərini və ya paylarını əldə edirsə, bu hal təmərküzləşmə hesab edilmir: “Burada əsas məsələ həmin maliyyə institutunun səsvermə hüququndan istifadə etməməsidir. Səhmlər və ya paylar üzrə səsvermə hüququ yalnız müəyyən müddət ərzində şirkətin rəhbərliyini – yəni direktorlar, icra orqanı və ya müşahidə şurası üzvlərini seçmək üçün istifadə oluna bilər.
Bununla yanaşı, əgər bir təsərrüfat subyekti iflas edirsə və onu idarə etmək hüququ ləğvetmə komissiyasına, əmlak inzibatçısına və ya ləğvediciyə verilirsə, bu hal da təmərküzləşmə hesab edilmir”.
“Həmçinin qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, bir-biri ilə əlaqəli olan şəxslər qrupu arasında aparılan əməliyyatlar da təmərküzləşmə sayılmır. Bir şərtlə ki, belə əməliyyat olduqda, bu barədə 7 iş günü ərzində rəqabət orqanına məlumat verilməlidir. “Şəxslər qrupu” dedikdə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, qarşılıqlı surətdə asılı olan hüquqi və ya fiziki şəxslər, habelə bir-birinin və ya biri digərinin qəbul etdiyi qərarlara və ya bazardakı fəaliyyətinə birbaşa və ya dolayı yolla, həlledici nəzarət edən, yaxud eyni şəxslər (hüquqi və ya fiziki) və ya onların ailə üzvləri tərəfindən idarə edilən hüquqi və ya fiziki şəxslər nəzərdə tutulur”, - deyə G. Camalzadə fikirlərini yekunlaşdırıb.