...

Yaxın Şərqdə gərginliyin artması mayeləşdirilmiş təbii qazın Hörmüz boğazı vasitəsilə tədarükünü poza bilər - ING

Energetika Materials 17 İyun 2025 15:35 (UTC +04:00)
Yaxın Şərqdə gərginliyin artması mayeləşdirilmiş təbii qazın Hörmüz boğazı vasitəsilə tədarükünü poza bilər - ING
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə gərginliyin daha da artması mayeləşdirilmiş təbii qazın (MTQ) Hörmüz boğazı vasitəsilə tədarükünü poza bilər.

Trend bu barədə Niderlandın İNG bank qrupunun analitik materialına istinadən xəbər verir.

ING analitiklərinin qeyd etdiyinə görə, ABŞ Prezidenti Donald Trampın Tehrandan təxliyə çağırışından sonra neft-qaz bazarlarında yenidən təşviş yaranıb.

Bu bəyanatlar İsrail ilə İran arasında münaqişənin lokallaşdırılması ilə bağlı əvvəllər səsləndirilən ümidlərlə kəskin ziddiyyət təşkil edir. Trampın G7 sammitini vaxtından əvvəl tərk etmək qərarı isə, ekspertlərin fikrincə, ABŞ-nin mümkün hərbi müdaxiləsi ilə bağlı narahatlıqları daha da artırıb və maliyyə bazarlarında yeni dəyişkənlik dalğası yaradıb.

“Geosiyasi gərginliyin artması fonunda tədarüklərdə mümkün pozulmalar qiymət dinamikasına təsir edir”, - analitiklər bildiriblər.

Bazar ertəsi İranın gərginliyi azaltmağa və nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazır olduğu xəbəri yayıldı – lakin bu, yalnız ABŞ-nin İsrailin hərbi əməliyyatlarına qoşulmaması şərtilə baş verəcək. Bununla belə, Hörmüz boğazı hələ də enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqların mərkəzində qalmaqdadır.

Hörmüz boğazından dünya üzrə dəniz yolu ilə nəql olunan neftin təxminən üçdə biri daşınır ki, bu da onu planetin ən vacib enerji qovşağına çevirir. Hazırda infrastruktur və nəqliyyat marşrutlarına zərər dəyməsə də, bazar qarşıdurmanın daha da kəskinləşəcəyindən ehtiyat edərək qiymətləri artırır.

Neft və qaz bazarlarının reaksiyası

Trampın açıqlamalarından sonra Brent markalı neftin qiymətləri kəskin artmağa başladı. Tədarük zəncirlərindəki mümkün pozuntular qiymətlərdə öz əksini tapdı. Avropa təbii qazının qiymətləri də sürətlə qalxaraq, aprel ayının əvvəlindən bəri maksimum səviyyəyə çatdı – cümə günü isə 4,8% artım qeydə alınmışdı.

“Eynilə neftdə olduğu kimi, qaz bazarının əsas riski ondan ibarətdir ki, gərginliyin artması mayeləşdirilmiş təbii qazın Hörmüz boğazı vasitəsilə ixracını poza bilər”, – ING mütəxəssisləri vurğulayıblar.

Qətər MTQ-nin əsas ixracatçılarından biri olaraq, dünya üzrə mayeləşdirilmiş qazın təxminən 20 faizini bu marşrut vasitəsilə göndərir. Alternativ nəqliyyat yollarının olmaması isə boğazdakı hər hansı pozuntunun qlobal MTQ bazarını kəskin şəkildə daraldacağı və qiymətlərin – xüsusilə Avropada – sürətlə artacağı anlamına gəlir.

Aİ Rusiyadan qaz asılılığından qurtulmaq istəyir

Bunun fonunda Avropa Komissiyası Rusiyadan qaz idxalından imtina ilə bağlı yeni təkliflər təqdim etməyə hazırlaşır. Layihəyə əsasən, 2026-cı ilin yanvarından etibarən Rusiya qazının (boru xətti ilə və MTQ) tədricən qadağan olunması nəzərdə tutulur. 2027-ci ilin sonuna qədər isə Aİ tam imtinaya keçməyi planlaşdırır. Həmçinin, Aİ terminallarında Rusiya enerji şirkətlərinə xidmət göstərilməsi də qadağan ediləcək.

“Geosiyasi qeyri-müəyyənlik və uzunmüddətli siyasi dəyişikliklər qlobal enerji axınlarını eyni anda yenidən formalaşdırır”, – deyə ING analitikləri yekunlaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti