...

Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2025 16:57 (UTC +04:00)
Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə azərbaycandilli məktəblərin şagirdləri arasında ilk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Olimpiadaya Tbilisi, Qardabani, Dmanisi, Bolnisi, Marneuli və Kaxeti bölgələrindəki 116 azərbaycandilli məktəbdən 300-dən çox şagird qatılıb.

Şagirdlərin mükafatlandırılması mərasimində GAİM-icraçı direktoru Murad Muradov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahid Kazımov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov və başqaları çıxış edərək olimpiadanın təşkilini yüksək qiymətləndiriblər. Bu cür tədbirlərin Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət etdiyini bildiriblər.

GAİM-in icraçı direktoru Murad Muradov olimpiadanın əsas məqsədinin ana dilimizin təbliği, daha dərindən öyrənilməsi, eləcə də qorunub saxlanması və gələcək nəsillərə çatdırılması olduğunu söyləyib. Murad Muradov belə tədbirlərin davamlı keçiriləcəyini deyib.

Tədbirin təşkilatçılarından olan “Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva olimpiadanın ilk dəfə belə geniş coğrafiyanı əhatə etdiyini diqqətə çatdırıb. Sualların Azərbaycan məktəblərində dərs deyən müəllimlər tərəfindən hazırlandığı, qaliblərin seçilməsində şəffaflığın təmin olunması üçün isə qiymətləndirmənin başqa məktəblərin müəllimləri tərəfindən keçirildiyi qeyd edilib.

105 şagirdin iştirak etdiyi olimpiadanın yekun turu iyunun 14-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidəki Azərbaycan Evində baş tutub.

Qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti