Astana. Trend:
Yanvar ayından may ayına kimi Qazaxıstandan Azərbaycana ümumilikdə 95 milyon dollar məbləğində 450 min tonn taxıl ixrac olunub.
Trend-in Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə istinadən məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkənin kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşü zamanı danışıb.
Onun sözlərinə əsasən, Qazaxıstan bu il Azərbaycanın əsas taxıl tədarükçüsü olub. İxrac həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz artıb. Azərbaycanın ümumi idxal həcmində qazax buğdasının payı rekord səviyyəyə – 88 faizə çatıb.
Bayel qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi bu günə qədərki müstəqillik dövründə rekord göstəriciyə çatıb. Onun sözlərinə görə, 2025-ci ilin ilk dörd ayı ərzində ticarət həcmi 20 faiz qalxıb.
Qeyd edək ki, Qazaxıstanın Bakıda yerləşən səfirliyində keçirilən tədbirdə Qazaxıstanın kənd təsərrüfatı məhsulları istehsalçıları ilə yanaşı, Azərbaycanın aparıcı holdinqlərinin, şirkətlərinin, supermarket şəbəkələrinin və un istehsalı müəssisələrinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Bayel Qazaxıstanın aqrar-sənaye kompleksi sahəsindəki investisiya imkanları, kənd təsərrüfatı məhsullarının emalı üzrə prioritet layihələr barədə danışıb və iş adamlarını fəal investisiya və ticarət-iqtisadi əməkdaşlığa dəvət edib.