Bakı. Trend:
Amerikanın "SpaceX" şirkətinə məxsus kosmik gəmi kosmonavt Oleq Platonovun da daxil olduğu "Crew-11" missiyasının heyətini daşıyaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılıb.
Trend xəbər verir ki, hadisənin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi saytında nümayiş etdirilib.
Kosmik gəminin BKS-dən ayrılması çərşənbə günü ABŞ-nin Şərq vaxtı ilə saat 17:20-də baş tutub. Gəminin yanvarın 15-də Kaliforniya sahillərinə enməsi gözlənilir.
Oleq Platonovdan başqa, "Crew-11" heyətinə amerikalı astronavtlar Zena Kardman və Maykl Fink, eləcə də yapon astronavtı Kimiya Yui daxildir. Heyət 2025-ci ilin avqustunda Beynəlxalq Kosmik Stansiyaya çatmışdı və ilkin plana əsasən fevralın sonuna qədər orbitdə qalmalı idi.
NASA bildirib ki, heyətin vaxtından əvvəl geri qayıtması astronavtlardan birinin iştirakı ilə baş vermiş tibbi hadisə ilə əlaqədardır. Agentlik ekipaj üzvünün şəxsiyyəti və ilkin diaqnozu açıqlamasa da, onun vəziyyətinin stabil olduğunu vurğulayıb. Qeyd edilib ki, hadisə stansiyanın əməliyyatları, açıq kosmosa çıxış hazırlığı və ya hər hansı zədə ilə bağlı olmayıb.
