Bakı. Trend:
Danimarka Qrenlandiyaya hərbi kontingent yerləşdirməyə başlayıb və yaxın vaxtlarda NATO müttəfiqləri tərəfindən dəstəyin göndərilməsi gözlənilir.
Trend xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.
Məlumata görə, Danimarka Silahlı Qüvvələrinin qabaqcıl bölməsi artıq Qrenlandiyaya çatıb. Bu addım gələcəkdə daha iri hərbi bölmələrin mümkün yerləşdirilməsi üçün zəmin yaratmaq məqsədi daşıyır. Portal “DR” teleradio şirkətinə istinadən bildirib ki, ilkin kontingent logistika və təhlükəsizlik hazırlıqlarını həyata keçirir.
Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğun genişləndiriləcəyini və 2026-cı il ərzində müttəfiq ölkələrlə birgə hərbi təlimlərin davam etdiriləcəyini elan ediblər. Qrenlandiya hökumətinin saytında dərc olunmuş bəyanatda bildirilir ki, ada sakinləri daha çox hərbi təyyarə, qoşun və gəmi, o cümlədən NATO müttəfiqlərinin qüvvələrini görməyə hazır olmalıdırlar.
Bu gün həmçinin İsveç Qrenlandiyaya hərbi personalının bir hissəsini göndərdiyini təsdiqləyib. İsveçin Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə yazıb ki, İsveç Silahlı Qüvvələrinin personalı Danimarkanın xahişi ilə göndərilir və bir neçə müttəfiq ölkədən ibarət qüvvələr qrupunun tərkibində fəaliyyət göstərəcək.
Kopenhagenin bu addımları Qrenlandiya, Danimarka və ABŞ liderlərinin həlledici görüşü ərəfəsində Vaşinqtonla münasibətlərdə artan gərginlik fonunda atılır.
Xatırladaq ki, daha əvvəl yanvar ayında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun istənilən yolla Qrenlandiya üzərində nəzarəti əldə edəcəyini bəyan etmişdi. “Əgər bunu yaxşı yolla etmək mümkün olsa, əla olar. Əgər olmasa, onda biz bunu daha sərt yolla edəcəyik”, – o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi.