Bakı. Trend:
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampla görüşünün 3 fevralda baş tutacağını açıqlayıb.
Trend xəbər verir ki, Petro bu barədə Nazirlər Kabinetinin iclasında məlumat verib.
Onun sözlərinə görə, Respublika Nazirlər Şurası narkotik qaçaqmalçılığı məsələsini müzakirə edir və bu mövzu ABŞ və Kolumbiya arasında, o cümlədən hökumətlər və prezidentlər səviyyəsində dialoqu gücləndirib. Petro qeyd edib ki, məhz bu proseslər Trampla 3 fevralda keçiriləcək görüşün mümkünlüyünə gətirib çıxarıb.
“Bu görüşün nəticələrinin nə olacağını görəcəyik, çünki bu, həlledici əhəmiyyət kəsb edir”, – deyə Kolumbiya prezidenti vurğulayıb.
Petro bildirib ki, onun əsas məqsədi ölkədə sosial və iqtisadi sabitliyi təmin etməkdir. O, hakimiyyətin ictimai asayişi qorumağa və Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrinin qarşısını almağa çalışdığını qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də Donald Tramp ABŞ-nin Venesueladakı hərbi əməliyyatı ilə bağlı Petroya ünvanlanan xəbərdarlıqlarının qüvvədə qaldığını bəyan etmişdi.
