Bakı. Trend:
İran ABŞ-nin ölkənin daxili məsələlərinə müdaxiləsini bir daha sərt şəkildə qınayır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon söhbətində deyib.
Telefon söhbətində iranlı nazir ölkədə keçirilən dinc etiraz aksiyalarının müxtəlif terror qruplaşmaları tərəfindən iğtişaşlara çevrildiyini qeyd edib və İranın istənilən fitnəkar planlarla mübarizə etmək iqtidarında olduğunu deyib.
Telefon söhbətində Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar da iki ölkənin münasibətlərinin əhəmiyyətini qeyd edərək regionda gərginliyin artmasının qarşısının alınması və sabitliyin bərpa olunasının vacibliyini vurğulayıb və ölkəsinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu deyib.
Telefon söhbətində iki ölkə nazirləri ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
