Bakı. Trend:
ABŞ Dövlət Departamenti Küveytə 800 milyon dollar dəyərində "Patriot" yer-hava raket sistemlərinin (SAM) tədarükünü təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Küveyt daha əvvəl ABŞ-dən Patriot hava hücumundan müdafiə sistemlərinin, eləcə də bu sistemlər üçün ehtiyat hissələrinin və müxtəlif avadanlıqların texniki xidmətinin təmin edilməsini xahiş edib. Agentliyin məlumatına görə, potensial müqavilənin ümumi dəyəri 800 milyon dollar olaraq qiymətləndirilir.
Vurğulanır ki, təklif olunan satış ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Amerika tərəfi bu razılaşmanın Küveytin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyini hesab edir.
ABŞ administrasiyası artıq Konqresi mümkün xidmətlərin və sistemlərin tədarükünün təsdiqlənməsi ilə bağlı qərar barədə məlumatlandırıb. Konqresin potensial müqaviləni nəzərdən keçirmək və onu təsdiqləmək və ya bloklamaq barədə qərar qəbul etmək üçün 30 günü var.
