...

İƏİT ticarət və nəqliyyat əlaqəliliyinin sadələşdirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək (ÖZƏL)

İqtisadiyyat Materials 15 Yanvar 2026 09:48 (UTC +04:00)
İƏİT ticarət və nəqliyyat əlaqəliliyinin sadələşdirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və işçi qüvvəsinin məhsuldarlığının artırılması istiqamətində fəal şəkildə işini davam etdirir və beynəlxalq tərəfdaşlar ölkəyə strateji dəstək göstərirlər.

Bunu Trend-ə müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Şərqi Avropa və Cənubi Qafqaz şöbəsinin rəhbəri, baş siyasi analitiki Deniel Kvadbek bildirib.

O qeyd edib ki, son onillik ərzində Azərbaycan iqtisadiyyatı ÜDM-in nisbətən mülayim artım templərini nümayiş etdirib.

“Daha da inkişaf və işçi qüvvəsinin məhsuldarlığının artırılması üçün şaxələndirməni dəstəkləyən islahatlar vasitəsilə iqtisadiyyatın qeyri-xammal sektorunun genişləndirilməsinin davam etdirilməsi son dərəcə vacibdir. ‘Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri’ və ‘2022–2026-cı illər üçün sosial-iqtisadi strategiya’ kimi son dövlət strategiyaları iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə neft gəlirlərindən istifadə olunmasının zəruriliyini vurğulayır.

Ölkə dayanıqlı artım üzrə qlobal trendlərə uyğun istiqamətdə irəliləsə də, Azərbaycan qeyri-xammal sektorunun gələcək inkişafına töhfə verən struktur islahatlarını prioritetə çevirməlidir”, – İƏİT nümayəndəsi bildirib.

D. Kvadbek vurğulayıb ki, təşkilat tövsiyələr təqdim etməklə, beynəlxalq təcrübəni bölüşməklə və bilik mübadiləsini təşviq etməklə səmərəli siyasətin hazırlanması və həyata keçirilməsinə dəstək göstərə bilər. Şaxələndirmə və onun həyata keçirilmə yanaşması qarşıdakı illərdə ölkənin inkişaf trayektoriyasını müəyyənləşdirəcək

“Azərbaycan dayanıqlı inkişaf və ESG standartlarının təşviqinə yönəlmiş İƏİT-nin beynəlxalq təşəbbüslərində fəal iştirak edir. Bunlara Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada keçid iqtisadiyyatına malik ölkələrə dəstək göstərən və ekoloji aspektlərin iqtisadi, sosial və siyasi islahatlara inteqrasiyasına yardım edən Yaşıl İqtisadiyyat və Ətraf Mühit üzrə İşçi Qrupu (GREEN Action Task Force) daxildir. Təşəbbüsün məqsədi dayanıqlı artımın, insan kapitalının inkişafının, ‘yaşıl’ investisiyaların cəlb edilməsinin və qabaqcıl təcrübə mübadiləsinin təşviqi ilə yanaşı ekoloji səmərəliliyin artırılmasıdır.

Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə, o cümlədən EU4Energy və EU4Environment proqramlarında iştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən EU4Energy proqramı fokus-qrup ölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması və icrası, eləcə də enerji sektorunda regional əməkdaşlığın gücləndirilməsi istiqamətində dəstək verir”, – deyə o əlavə edib.

Azərbaycan, həmçinin, Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə, o cümlədən “EU4Energy” və “EU4Environment” proqramlarında iştirak edir. Beynəlxalq Enerji Agentliyi (IEA) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “EU4Energy” proqramı fokus-qrup ölkələrinə dayanıqlı enerji siyasətinin hazırlanması və icrası, eləcə də enerji sektorunda regional əməkdaşlığın gücləndirilməsi istiqamətində dəstək verir”, – deyə o qeyd edib.

D. Kvadbek bildirib ki, “EU4Environment” proqramı isə öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrində təbii kapitalın qorunmasına, siyasət və qanunvericilikdə dəyişikliklər, daha ‘yaşıl’ planlaşdırma və investisiyalar, innovativ texnologiyaların tətbiqi və ‘yaşıl’ iş yerlərinin yaradılması vasitəsilə ekoloji rifahın yaxşılaşdırılmasına kömək edir.

O vurğulayıb ki, proqram həmçinin ekoloji idarəetmənin təkmilləşdirilməsinə, mühafizə olunan ərazilərin və meşələrin səmərəli idarə edilməsinə, eləcə də dayanıqlı ticarətin inkişafına töhfə verir.

“Belə beynəlxalq proqramlarda davamlı və fəal iştirak Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olması üçün əsas amillərdən biri ola bilər.

İƏİT Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyəti davam etdirməyi və sübutlara əsaslanan siyasətin inkişafına daimi dəstək göstərməyi planlaşdırır. Məsələn, son illərdə Azərbaycanın İƏİT fəaliyyətində iştirakı əhəmiyyətli dərəcədə genişlənib və dövlət idarəçiliyi, antikorrupsiya, iqtisadiyyatın şaxələndirilməsi, KOB-lar və sahibkarlıq siyasəti, təhsil və bacarıqlar, rəqəmsal transformasiya, vergi siyasəti, enerji siyasəti və ‘yaşıl’ iqtisadiyyata keçid kimi geniş sahələri əhatə edir”, – deyə İƏİT nümayəndəsi əlavə edib.

D. Kvadbekin sözlərinə görə, yaxın zamanda istifadəyə verilmiş “EU4Business” layihəsi – “Şərq Tərəfdaşlığı ölkələrində ticarətin və rəqabətə davamlılığın genişləndirilməsi” çərçivəsində İƏİT Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə Cənubi Qafqaz regionunda bir sıra yeni analitik materiallar və proqramların həyata keçirilməsini planlaşdırır.

“Müqayisəli təhlilin (bençmarkinq) aparılmasından əlavə, layihə iştirakçı ölkələrə fərdiləşdirilmiş məsləhət dəstəyi təqdim edəcək. Bu kontekstdə İƏİT hədəfli analitik araşdırmalar, ixtisaslaşmış alətlər və potensialın artırılması üzrə tədbirlər vasitəsilə ticarətin sadələşdirilməsi və nəqliyyat əlaqəliliyinin gücləndirilməsi sahəsində Azərbaycana dəstək göstərəcək”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti