Bakı.Trend:
14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında
yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci
ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş
nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə
Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam
Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində
əməkdaşlığa dair Saziş” imzalanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi
tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması
istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması
istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu
tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və
ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.
Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak ediblər.
