Bakı.Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Vyanada Türk Dövlətləri Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunan “TurkicWeek” adlı iri tədbirdə getdikcə daha böyük əhəmiyyət qazanan Orta Dəhliz boyunca yük axınlarının optimallaşdırılması üzrə konkret tədbirlər təqdim edib.
Bu barədə Trend IRU-ya istinadən xəbər verir.
Tədbirdə çıxış edən IRU-nun baş katibi Umberto de Pretto bildirib ki, Orta Dəhliz qlobal təchizat zəncirlərindəki dəyişikliklərə, geosiyasi risklərə və dayanıqlı quru marşrutlarına artan tələbata cavabdehdir.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarət sürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfə artacağı gözlənilir.
“2022-ci ildən etibarən logistika bazarının bir çox iştirakçısı Orta Dəhlizi ənənəvi dəniz marşrutlarına real alternativ kimi qiymətləndirir.
Orta Dəhliz üzrə ticarət də transformasiya olunur. Əvvəllər əsasən xammal – neft və mineral resursların daşınmasına yönəlmişdisə, hazırda sürətlə konteyner daşımalarına keçid baş verir. Son 12 ay ərzində konteyner daşımalarının həcmi üç dəfədən çox artıb. Konteyner axınının 60 faizindən çoxunu Çindən Avropaya göndərilən mallar təşkil edir”, – deyə o bildirib.
Umberto de Prettonun sözlərinə görə, Orta Dəhliz üzrə ticarət sürətlə artır və yükdaşımaların həcminin 2030-cu ilə qədər üç dəfə artacağı gözlənilir.
“Lakin sərhəd keçid prosedurlarının təkmilləşdirilməsi də daxil olmaqla, dəhlizin modernləşdirilməsi həyata keçirilməzsə, daşımaya olan tələbat proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq.
Biz Orta Dəhlizin gücləndirilməsi üzərində çalışırıq. Bu isə prosedurların sadələşdirilməsini, proqnozlaşdırılabilənliyin artırılmasını və əməkdaşlığın genişləndirilməsini tələb edir”, – baş katib deyib
Onun sözlərinə görə, TIR sistemi gömrük yoxlamalarının qarşılıqlı tanınmasına, beynəlxalq zəmanət mexanizminə və möhürlənmiş yüklərin toxunulmazlığının təmin edilməsinə əsaslanan, qlobal səviyyədə tanınmış çərçivə əsaslarını təqdim edir.
“Fiziki nəzarətin azaldılması, sənədlərin təkrarlanmasının aradan qaldırılması və operatorlar üçün qeyri-müəyyənliyin minimuma endirilməsi hesabına TIR sistemi xüsusilə Orta Dəhliz kimi transregional dəhlizlər üçün ideal həll hesab olunur.
Hazırda TIR sistemi Çini Avrasiya boyunca 30-dan artıq ölkə ilə birləşdirir, tranzit müddətini 80 faiz, nəqliyyat xərclərini isə 50 faiz azaldır. Umberto de Pretto həmçinin sərhəd-keçid məntəqələrində TIR üzrə “Yaşıl zolaqlar”ın artan rolunu qeyd edib. Bu zolaqlar TIR qaydalarına əməl edən yük avtomobilləri üçün prioritet keçid imkanı yaradır, sərhəd prosedurlarını sürətləndirir və tranziti daha proqnozlaşdırılan edir”, – deyə Umberto de Pretto bildirib.
Mərkəzi Asiyanın bütün ölkələri, eləcə də Rumıniya, Moldova,
Çin, Monqolustan və Səudiyyə Ərəbistanı TIR üçün prioritet zolaqlar
və ya xüsusi pəncərələr tətbiq ediblər.
“Yaşıl zolaqlar imtiyaz deyil; onlar qaydalara riayət və şəffaflıq
üçün stimuldur”, – deyə o vurğulayıb.
Sərhədlərdə prosedurların genişmiqyaslı sadələşdirilməsi üçün
rəqəmsallaşma da zəruridir. eTIR sistemi kağız sənədlərlə bağlı
gecikmələri azaldaraq şəffaflıq, təhlükəsizlik və milli gömrük
sistemlərinin uyğunluğunu təmin edir.
“Orta Dəhlizin uğuru xəritələrlə deyil, sərhədlərdə qənaət edilən dəqiqələrlə ölçüləcək. Bunun üçün lazım olan yeganə amil TIR sisteminin düzgün tətbiqi üzrə siyasi iradədir ki, ticarəti səmərəli şəkildə asanlaşdırsın və təhlükəsiz etsin, Orta Dəhlizi proqnozlaşdırılan, rəqabətqabiliyyətli və dayanıqlı ticarət arteriyasına çevirsin. Bu isə iş yerlərinin yaradılmasına, inkişafa, rifaha və nəticə etibarilə sülhə xidmət edəcək”,- deyə Umberto de Pretto yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
