...

Azərbaycanda dayanıqlı su təminatı ilə bağlı siyasət uzunmüddətli və əsaslandırılmış strategiyaya söykənir

Siyasət Materials 15 Yanvar 2026 11:51 (UTC +04:00)
Azərbaycanda dayanıqlı su təminatı ilə bağlı siyasət uzunmüddətli və əsaslandırılmış strategiyaya söykənir

Bakı. Trend:

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirənin keçirilməsi hər şeydən əvvəl bir sıra həqiqətlərə yeni işıq saldı. Belə ki, bu müşavirə ilk növbədə dövlətimizin başçısının narahatlıq doğuran hər bir məsələyə həssas münasibətindən xəbər verdi.

İkincisi isə bu müşavirənin keçirilməsi Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramının qəbul olunması göstərdi ki, Azərbaycan dövlətinin zamanla meydana çıxan bu tip problemlərin yoluna qoyulması üçün koordinasiya edilən təkmil fəaliyyət mexanizmi mövcuddur. Xatırladım ki, ötən il yanvarın 28-də Bakının nəqliyyat məsələlərinə də həsr olunan müşavirə keçirilmiş, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq olunmuşdu.

Məlumdur ki, çağdaş dövrün qlobal problemlərindən biri su ehtiyatlarının kəskin şəkildə azalmasıdır. Həyat mənbəyi olan su yalnız istehlak məhsulu deyil. Su həm də hər bir ölkənin inkişafını əhalinin sosial rifahını şərtləndirən əsas amillərdən biridir. Ona görə su ilə dayanıqlı təminat bütün coğrafiyalarda dövlətlərin milli təhlükəsizliklərinin əsas elementlərindən biri kimi qəbul olunur. Lakin qlobal istiləşmənin, iqlim dəyişikliklərinin nəticəsi olaraq xüsusən son onilliklərdə su çatışmazlığı dünyanın əsas problemlərindən birinə çevrilib. Planetimizin müxtəlif yerlərində yüz milyonlarla insan su çatışmazlığından əziyyət çəkir ki, bu da onların həm sağlamlığına, həm də rifahına əhəmiyyətli dərəcədə təsir edir. Beynəlxalq təşkilatlar qarşıdakı dövrlərdə su böhranının daha da dərinləşəcəyi ilə bağlı həyəcan təbili çalırlar.

Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələrdəndir. Elə buna görə respublikamızın da su ehtiyatları ilə bağlı məsələləri son dövrlərdə aktuallaşıb. İqlim fəsadlarından irəli gələrək yağıntıların azalması və qeyri-bərabər paylanması, çaylarımızda, o cümlədən, transsərhəd çaylarda sululuğun səviyyəsinin aşağı düşməsi su ilə təminatda yeni çağırışlar formalaşdırır. Lakin respublikamızda hələ illər öncədən bu çağırışlardan irəli gələrək mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, iqtisadi inkişafa paralel olaraq su təhlükəsizliyi məsələsi də diqqət mərkəzində saxlanılıb, “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilib, Samur-Abşeron su kəməri yenidən qurulub, əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi respublikamızın yerüstü su ehtiyatlarının çoxalmasına əhəmiyyətli dərəcədə təsir edib. Məlum olduğu kimi işğal dövründə ermənilər yaz və yay aylarında “Sərsəng” və “Suqovuşan” anbarlarından gələn suyun qarşısını kəsir, soyuq havalarda isə suyu buraxaraq məqsədli şəkildə daşqınlar törədirdilər. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi bununla Ermənistan ölkəmizə qarşı su terroru da həyata keçirirdi. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu su anbarları da tamamilə yenidən qurulub və onların su ehtiyatı ətraf ərazilərdə kənd təsərrüfatına mühüm töhfə verir. O cümlədən, Füzulidə “Köndələnçay”, Ağdamda “Xaçınçay” və Laçında “Zabuxçay” su anbarlarının yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə isə müşavirədə qeyd edildiyi kimi, su ehtiyatlarının içməli su, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında ehtiyatların həcmi cari il yanvarın 1-nə 16,4 milyard kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyard kubmetr və ya 60 faiz çoxdur.

Konkret olaraq içməli su ilə təchizata gəldikdə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul edildiyi dövrdə Azərbaycanda içməli su təminatı 40 faiz, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 faiz səviyyəsində idi. Bu gün isə içməli su ilə təminat ölkə üzrə 73 faizə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 faizə çatdırılıb. Lakin iqlim dəyişikliyi nəticəsində yağıntı və su ehtiyatlarının dəyişkənliyi, eləcə də urbanizasiya və sənayeləşmə suya tələbatı davamlı şəkildə artırır. Bundan başqa, yağış və tullantı sularının təmizlənməsində, idarə olunmasında mövcud çatışmazlıqlar, kanalizasiya sistemlərinin bir çox hissəsinin müasir standartlara cavab verməməsi vəziyyəti daha da çətinləşdirir. Bu baxımdan Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli sərəncamla təsdiq etdiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın qarşısında dayanan əsas vəzifələr artan su tələbatının tam qarşılanmasının təmin olunması, su itkilərinin minimuma endirilməsi, kanalizasiya və yağış sularının idarə olunması infrastrukturunun yenidən qurulmasıdır.

Dövlət Proqramında qeyd olunduğu kimi qarşıya qoyulan vəzifələr 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Əvvəldə qeyd etdiyim kimi hazırda Bakı və Abşeronda fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcəkdir.

Qarşıdakı onilliklərdə dünyada su problemlərinin daha da kəskinləşməsi proqnozlaşdırılır. Ona görə su ehtiyatlarının qorunması və müasir texnologiyalarla idarə olunması zamanın tələbidir. Məhz bu tələblərə cavab verən tədbirləri həyata keçirən dövlətlər zamanın su sınağından uğurla çıxa biləcəklər. Azərbaycanda dayanıqlı su təminatı ilə bağlı atılan addımlar, o cümlədən bir neçə gün əvvəl “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi göstərir ki, respublikamızın bu istiqamətdəki siyasəti zamanın çağırışlarına tam uyğundur. Ümumilikdə isə yeni Dövlət Proqramının qəbulu Azərbaycanın dayanıqlı su təminatı ilə bağlı siyasətinin əsaslandırılmış və uzunmüddətli strategiyaya söykənməsindən xəbər verir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti