Bakı. Trend:
Bu ilin fevral ayından etibarən "Tesla" şirkətinin "Full Self-Driving" (FSD) avtopilot sistemi yalnız abunə əsasında əlçatan olacaq.
Trend xəbər verir ki, bu barədə şirkətin rəhbəri, amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
O bildirib ki, "Tesla" 14 fevral tarixindən sonra FSD sisteminin birbaşa satışını dayandıracaq. Maskın sözlərinə görə, “FSD bundan sonra yalnız aylıq abunə yolu ilə təqdim olunacaq”.
Şirkətin hazırkı məlumatına əsasən, FSD sistemi indiyədək 8 min dollara, aylıq abunə isə 99 dollara təklif olunurdu. Lakin Mask yeni abunə modelinin qiymətinin nə qədər olacağını açıqlamayıb.
Qeyd edək ki, FSD avtopilot sistemi avtomobilin yolda manevr etməsi, naviqasiya aparması və park edilməsi kimi funksiyaları müstəqil şəkildə yerinə yetirmək üçün nəzərdə tutulub.
