Bakı. Trend:
İranın hava məkanında tətbiq olunan uçuş qadağasının müddəti 18 iyun Bakı vaxtı ilə 02:30-a qədər uzadılıb.
Trend xəbər verir ki, bu barədə İranın Yol və Şəhər İnkişafı nazirliyinin nümayəndəsi Məcid Ahavan deyib.
“Daxili və beynəlxalq reyslər 02:00-a qədər (Bakı vaxtı ilə 02:30) qadağan edilib. Həmvətənlərimizdən xahiş edirik ki, ölkənin aeroportlarına baş çəkməkdən çəkinsinlər və reyslərin cədvəlini yalnız rəsmi mənbələrdən izləsinlər”, - deyə IRNA agentliyi rəsminin bəyanatından sitat gətirir.
Xatırladaq ki,13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.