Bakı.Trend:
İsraildə iyunun 13-dən bəri İranın zərbələri nəticəsində 24 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman öz “Telegram” kanalında məlumat paylaşıb.
“Mülki əhali arasında itkilər: 24 nəfər həlak olub”, - deyə paylaşımda bildirilir. Yaralı sayının isə 647 nəfər təşkil etdiyi qeyd olunur.
Qendelman əlavə edib ki, əməliyyatın başlanmasından bəri İsrailin ərazisinə 400-ə yaxın raket və yüzlərlə pilotsuz uçan aparat buraxılıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb