Bakı. Trend:
Braziliyalı alimlər xalq təbabətində geniş istifadə olunan “Alternanthera littoralis” bitkisinin (yarpaqları tərəvəz kimi yeyilir-red.) effektivliyi və təhlükəsizliyinə dair ilk dəfə kompleks elmi sübutlar əldə ediblər.
Trend xəbər verir ki, Journal of Ethnopharmacology (JE) jurnalında dərc olunan tədqiqat göstərib ki, bitkinin yerüstü hissələrindən alınan etanollu cövhər güclü iltihab əleyhinə, ağrıkəsici və antiartritik təsirə malikdir.
Müəlliflər cövhəri siçanlar üzərində iltihab və artritin bir neçə klassik modelində sınaqdan keçiriblər. Bütün hallarda preparat oynaq şişkinliyini, ağrı həssaslığını, leykositlərin miqrasiyasını, həmçinin mieloperoksidaza və azot oksidi kimi əsas iltihab markerlərinin aktivliyini azaldıb.
Effektivlik baxımından ekstrakt standart iltihab əleyhinə dərmanlarla müqayisə oluna biləcək səviyyədə olub.
Toksikoloji testlər göstərib ki, terapevtik dozalar zamanı cövhər ciddi yan təsirlərə səbəb olmur. Yalnız yüksək dozalar zamanı qaraciyər zədələnməsi əlamətləri olmadan Alaninaminotransferaza (ALT) qaraciyər fermentinin səviyyəsində orta artım müşahidə edilib. Müəlliflərin sözlərinə görə, əldə olunan nəticələr “Alternanthera littoralis” bitkisinin ənənəvi istifadəsini təsdiqləyir və onu iltihabi və oynaq xəstəliklərinə qarşı yeni fitopreparatların hazırlanması üçün perspektivli əsas kimi göstərir.
