...

Hörmüz boğazındakı mövcud risklər fonunda neft bazarları qeyri-sabitliyə hazırlaşır

Energetika Materials 17 İyun 2025 15:55 (UTC +04:00)
Hörmüz boğazındakı mövcud risklər fonunda neft bazarları qeyri-sabitliyə hazırlaşır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdəki gərginlik enerji bazarlarına təzyiq göstərməkdə davam edir.

Trend-in ABŞ Enerji–İnformasiya İdarəsinə (EIA) istinadən verdiyi xəbərə görə, analitiklər Hörmüz boğazı ilə bağlı davam edən risklər fonunda neft qiymətlərində dəyişkənliyin artacağı barədə xəbərdarlıq edirlər.

Bu boğaz qlobal neft tədarükü üçün həyati əhəmiyyət kəsb edən arteriyadır.

EIA-nın yeni təhlilinə əsasən, boğaz vasitəsilə dəniz daşımalarının dayandırılmamasına baxmayaraq, Brent markalı etalon neftin qiyməti 12 iyunda bir barel üçün 69 dollardan 13 iyunda 74 dollara qədər kəskin şəkildə bahalaşıb. Analitiklərin fikrincə, bu sıçrayış regionda potensial təhdidlərə bazarın nə dərəcədə həssas olduğunu göstərir.

“Neftin əsas nəqliyyat yolları vasitəsilə tranzitin müvəqqəti mümkünsüzlüyü belə, tədarükdə ciddi gecikmələrə və nəqliyyat xərclərinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində enerji qiymətlərinin qlobal miqyasda yüksəlməsinə gətirib çıxarar”, – deyə EIA bildirir.

Hörmüz boğazı dəniz üzərindən qlobal neft tədarüklərinin dörddə birindən çoxunu və qlobal neft və neft məhsulları istehlakının təxminən beşdə birini təmin edir. 2024-cü ildə bu boğazdan, əsasən, Qətərdən olmaqla, qlobal mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükünün də 20 faizi keçib.

Həcmlərin azalması və risklərin artması

2022–2024-cü illər ərzində Hörmüz boğazı vasitəsilə tranzit edilən xam neft və kondensatın həcmi gündəlik 1,6 milyon barel azalıb. Bu azalma yalnız qismən neft məhsullarının tədarükünün artması ilə kompensasiya olunub. Bu tendensiyanın səbəbləri arasında 2022-ci ilin noyabrından etibarən OPEC+ ölkələrinin neft hasilatını könüllü olaraq dəfələrlə azaltması və İran körfəzi ölkələrində neft emalı gücünün artması göstərilir.

Bundan əlavə, EIA-nın məlumatına görə, 2024-cü ildə Babül-Məndəb boğazı ətrafındakı qeyri-sabitlik də tədarük marşrutlarının dəyişməsinə səbəb olub: Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco” neft ixracatının bir hissəsini hər iki boğazı keçmədən Qırmızı dəniz limanlarına yönəltmək üçün Şərq-Qərb neft kəmərindən istifadə edib.

“Hörmüz boğazını əhatə edən İran körfəz ölkələrində emal güclərinin artması daxili neft tələbatını da artırıb”, – deyə hesabatda qeyd olunur. “Bu, eyni zamanda, tədarük axınlarının bir hissəsinin regional bazarın xeyrinə yerdəyişməsinə yol açıb”.

Məhdud alternativlər

Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüz boğazını yan keçməklə neft daşımaq üçün Qırmızı dəniz və Oman körfəzinə yönələn boru kəməri infrastrukturuna malikdirlər. Lakin bu boru kəmərlərinin ehtiyat gücü gündəlik əməliyyatlarda fəal istifadə olunduğu üçün məhduddur. Böhranlı vəziyyətlərdə, təxminən günəldik 2,6 milyon barrel həcmində neft BƏƏ-nin Fuceyra kəməri və Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəməri vasitəsilə alternativ marşrutlarla daşına bilər.

İranın alternativ marşrutu olan Qoreh–Cask boru kəməri isə hələ də tam potensialla istifadə olunmur. Gündəlik təqribən 300 min barel ixrac gücünə malik olsa da, 2024-cü ilin yayında Cask və Kuh-Mobarak limanlarından ixrac həcmi gündəlik 70 min bareli keçməyib. Sentyabrdan sonra isə bu marşrut üzrə tədarük tamamilə dayandırılıb.

Asiya – ən böyük risk zonası

Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaz tədarükünün əsas payı hələ də Asiya bazarlarının üzərinə düşür. 2024-cü ildə boğazdan keçən neft və kondensatın 84 faizi, mayeləşdirilmiş təbii qazın isə 83 faizi Asiya ölkələrinə göndərilib. Əsas istiqamətlər Çin, Hindistan, Yaponiya və Koreya Respublikası olub. Bu ölkələr ümumi neft və kondensat tədarükünün 69 faizini təşkil edib.

“Bu bazarlar Hörmüz boğazı vasitəsilə tədarükdə baş verə biləcək fasilələr halında ən həssas və ən çox təsirlənə biləcək regionlar olacaq”, – deyə EIA vurğulayır.

Proqnoz: qeyri-sabitlik davam edəcək

Davam edən geosiyasi gərginlik fonunda ekspertlər yaxın aylarda neft qiymətlərinə təzyiqlərin artmasının və enerji bazarlarında yüksək dəyişkənliyin müşahidə olunacağını proqnozlaşdırırlar.

“Hörmüz boğazı kritik əhəmiyyətə malik nəqliyyat düyünüdür və onu tam əvəzləyə biləcək alternativ yoxdur”, – deyə EIA bildirir. “Hətta qısamüddətli fasilələr belə qlobal fəsadlara yol aça bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti