Bakı. Trend:
Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir.
Trend xəbər verir ki, bunu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda videomüraciətdə deyib.
O bildirib ki, bu səbəbdən də hüququn aliliyi həm milli, həm də beynəlxalq insan hüquqları institutlarının əsas iş prinsiplərindən biri kimi qəbul edilir:
“Biz hüququn aliliyini insan ləyaqətinin, qanun qarşısında bərabərliyin və ayrı-seçkiliyə qarşı mübarizənin təminatı kimi görürük. Bəzi hallarda siyasi təzyiqlərə, digərlərində isə məhdud resurslara, azalan fəaliyyət imkanlarına baxmayaraq, bizim institutlar hüququn aliliyinin keşikçiləri olaraq qalır. Ümid edirəm ki, bu debat fəaliyyətlərimizin təkmilləşdirilməsinə töhfə verəcək”.