Bakı. Trend:
Neft Fondundan dövlət büdcəsinə transfertin neft-qaz gəlirləri üzrə təminat səviyyəsinin illər üzrə azalması, transfertin müəyyən hissəsinin Fondun idarəetmədə olan aktivlərinin likvidləşdirilməsi hesabına qarşılanması tendensiyasının artan dinamika göstərməsi gələcək illər üzrə diqqətlə izlənilməsini zəruri edən amillərdəndir.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə rəyində bildirilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük payı təşkil edir: “Fondun təqdim etdiyi məlumata əsasən, 2026-cı ildə Azəri–Çıraq–Günəşli yatağında xam neft hasilatının 120,1 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatın azalması nəticəsində 2025-ci ilin göstəricisi (123,0 mln. barel) ilə müqayisədə 3,0 mln. barel azdır. Qeyd edilməlidir ki, Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303,0 mln. barel təşkil etmiş və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunmuşdur. Təqdim olunan məlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183,0 mln. barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır”.
Qeyd edilib ki, neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır: “Belə ki, 2026-cı il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 5 030,0 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 235,8 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkil edəcəkdir”.
