Bakı. Trend:
Ötən il Azərbaycandan Suriyaya 0,5 milyard kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə isə, 2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana nəql edilib.
2024-cü illə müqayisədə ötən il Azərbaycandan Avropaya qaz ixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə 0,3 milyard kubmetr (-3%) (TANAP-la ixrac eyni səviyyədə qalıb), Gürcüstana isə 0,1 milyard kubmetr və ya (-4,1%) azalıb.
Qeyd edək ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
