...

Azərbaycanda bərpaolunan enerjiyə keçid təkmil və uzaqgörən strategiyaya əsaslanır

Siyasət Materials 12 Yanvar 2026 09:30 (UTC +04:00)
Azərbaycanda bərpaolunan enerjiyə keçid təkmil və uzaqgörən strategiyaya əsaslanır

Bakı. Trend:

Bərpaolunan enerjiyə keçid və istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması bu gün respublikamızın innovativ inkişaf məqsədlərindən biridir. Bu məqsəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapıb. Bir neçə gün öncə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizdə bu sahədə qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğunu nümayiş etdirdi.

Ümumiyyətlə, respublikamızda elektrik enerjisi sisteminin modernləşdirilməsi və yeni generasiya güclərinin yaradılması hər zaman xüsusi diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Xüsusən son 20 il yeni elektrik stansiyalarının inşası, mövcud stansiyaların əsaslı şəkildə yenidən qurulması və ölkəmizin hər yerində elektrik enerjisi ilə təchizatın dayanıqlılığının daha da gücləndirilməsi ilə əlamətdardır. Bu baxımdan respublikamızın yüksəlişinin əsas xüsusiyyətlərindən biri generasiya güclərinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 min meqavata bərabərdir. Cənab Prezident İlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimindəki nitqində bunu tarixi rekord adlandırdı. Xatırladım ki, 2025-ci ilin iyun ayında istifadəyə verilən 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası müstəqillik dövrünün ən böyük elektrik stansiyası olmaqla, Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirdi, bu sahədə ixrac potensialımızı bir qədər də artırdı.

Azərbaycanın elektroenergetika siyasətinin əsas özəlliklərindən biri də bu sahədəki müasir çağırışları vaxtında və düzgün dəyərləndirməsidir. Qlobal çağırışlar isə elektrik enerjisinin istehsalında və istehlakında bərpaolunan enerjiyə transformasiyadır. Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı böyük potensialı var. Azərbaycanda yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda isə külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. Bunlarla yanaşı, respublikamızda «yaşıl hidrogen» potensialı da olduqca böyükdür, torpaqlarımızın işğaldan azad edilməsi isə bu imkanı daha da artırıb. Azərbaycanın son illərdəki inkişaf reallıqlarından biri də ondan ibarətdir ki, respublikamız bu potensialdan səmərəli istifadə edərək, bərpaolunan enerjiyə sürətli keçid edir. Məsələn, Vətən müharibəsinin başa çatmasından ötən dövr ərzində «yaşıl enerji» zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına ümumi potensialı 300 meqavatdan çox olan 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub. Lakin bu son deyil və Prezident İlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimində bildirdi ki, işğaldan azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və bu bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa olunacaq.

Eyni zamanda son illərdə bərpaolunan enerjiyə keçidlə bağlı bir neçə nəhəng layihənin də icrasına başlanılıb. Bunlardan biri 2022-ci ilin martında təməli qoyulan, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən və 2023-cü ilin oktyabr ayında açılışı olan 230 meqavat gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasıdır. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. "Qaradağ" GES həm də ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Burada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək, o cümlədən, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq.

Yanvarın 8-də açılışı olan 240 meqavat gücündə “Xızı-Abşeron” KES-in təməli 4 il əvvəl, 2022-ci ilin yanvarında qoyulmuşdu. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən bu layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Beləliklə, “Xızı-Abşeron” KES-in istifadəyə verilməsi həm də onu göstərir ki, respublikamız istilik effekti yaradan qaz emissiyasının azaldılması ilə bağlı qarşısına qoyduğu məqsədlərə və qlobal çağırışlara sadiqdir.

Azərbaycanda inşa edilən bu elektrik stansiyaları həm də dövlət-özəl əməkdaşlığının ən gözəl nümunələrindən biridir. Xarici şirkətlərin Azərbaycanın elektrik enerjisi sektoruna sərmayə yatırmaları respublikamızdakı əlverişli biznes mühitindən xəbər verir. “Xızı-Abşeron” KES “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də investor kimi bu şirkət icra edəcək.

Hazırda bərpaolunan generasiya güclərinin yaradılması istiqamətində işlərin bundan sonra da davam etdirilməsi diqqət mərkəzindədir. 2024-cü ilin sonlarında Cəbrayıl rayonunda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub. Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Ümumilikdə isə imzalanan kontraktlar əsasında respublikamızda 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə 8 qiqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Bura su elektrik stansiyalarının da potensialını əlavə etsək, bərpaolunan mənbələr üzrə əldə olunan elektrik enerjisinin həcmi bundan da artıq olacaq.

Azərbaycanın bərpaolunan və «yaşıl» generasiya gücləri ilə bağlı planları yalnız elektrik stansiyalarının inşası ilə yekunlaşmır. Qarşıda dayanan əsas vəzifələrdən biri də əldə olunan bu enerjini saxlamaqdır. Bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, bununla əlaqədar olaraq respublikamızda tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Batareya Enerji Saxlanc Sisteminin yaradılması onu göstərir ki, gələcəyə baxan dövlət olaraq Azərbaycanın bərpaolunan generasiya güclərinin yaradılması ilə bağlı planları stratejidir.

Bütövlükdə, “Xızı-Abşeron” KES-in açılışı Azərbaycanın elektroenergetika sisteminin növbəti uğurlu hadisəsidir. Bu stansiyanın istifadəyə verilməsi təsdiq edir ki, respublikamızda bərpaolunan enerjiyə keçid sürətli və çoxməzmunludur. Aparılan təhlillər göstərir ki, Azərbaycan özünün enerji imkanlarını təkmil və uzaqgörən strategiya əsasında inkişaf etdirir. Bu strategiya isə respublikamızın qlobal enerji təhlükəsizliyindəki rolunu və iştirakını daha da gücləndirir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti