Bakı. Trend:
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.
Trend xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 12 yanvar 2026-cı il tarixində Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşmiş və huşunu itirərək yıxılıb:
"Hadisə dərhal qeydə alınmış, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılmışdır. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır.
Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".
Qeyd edək ki, bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlandığı barədə mediada xəbərlər yayılmışdı.
