Bakı. Trend:
Rusiyanın Perm diyarında terror aktının qarşısı alınıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, “Rosqvardiya”nın dəstəyi ilə hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyatda Çusovoy şəhərinin sakini saxlanılıb. O, Sverdlovsk dəmir yolu xəttinə aid Çusovoy dəmir yolu körpüsündə partlayış hazırlamaqda şübhəli bilinir.
FSB-nin açıqlamasına görə, həmin şəxs telefon dələduzlarının qurbanı olub və təxminən 350 min rublu “təhlükəsiz hesablar” adlanan hesablara köçürüb. Bundan sonra özlərini hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən cinayətkarlar ona pulların geri qaytarılmasına kömək edəcəklərinə inandırıblar. Onlar onu guya regionun nəqliyyat infrastrukturu obyektlərinin “antiterror təhlükəsizlik yoxlanışı”nda iştirak etməyə razı salıblar.
Nəticədə saxlanılan şəxs terror aktı törətmək məqsədilə evdə hazırlanmış partlayıcı qurğu düzəldib. Onun yaşayış yerində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları təxminən 10 kq partlayıcı maddə, kustar üsulla hazırlanan partlayıcı qurğu yığmaq üçün komponentlər, eləcə də dəmir yolu körpüsünü müşahidə etmək üçün nəzərdə tutulmuş veb-kamera aşkar edərək götürüblər.
