...

Türkmənistan Azərbaycan ərazisi ilə enerji ehtiyatlarının üçüncü ölkələ bazarlarına nəqlinin artırılması imkanlarını qiymətləndirir - Səfir

İqtisadiyyat Materials 18 İyun 2025 10:45 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Mövcud global məsələlərdə Türkmənistan hər zaman konstruktiv dialoqun aparılması tərəfdarı olaraq, dünyada və regionda sülhün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir.

Trend xəbər verir ki, bunu “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmemmet Elyasov deyib.

O bildirib ki, son bir neçə ilin tendensiyaları və hadisələri beynəlxalq və dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklərdən, qlobal və regional ziddiyyətlərin kəskinləşməsindən, dünyanın müxtəlif yerlərində anlaşmazlıqların yaranmasından xəbər verir.

"Bu hadisələrin səbəb-nəticə əlaqələri müxtəlifdir, lakin açıq-aydın görünür ki, dünya siyasətinin hazırkı vəziyyətinin səbəbi dünya nizamının müəyyən modelinin düzgünlüyünə etimadsızlıq və baxış və fikirlərdə ciddi fərqlərin olmasıdır".

Səfir bildirib ki, hazırkı şəraitdə bitərəf dövlət kimi, Türkmənistan mövcud böhrandan yaradıcı platformada çıxmaq üçün beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi və diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır:

"Buna əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası zamanı Türkmənistan “2025 - Beynəlxalq Sülh və Etimad İli” adlı qətnamənin təşəbbüskarı olub və 86 dövlətin həmmüəllifliyi ilə qəbul edilib.

Türkmənistan 2025-ci ildə Beynəlxalq Sülh və Etimad ilinin keçirilməsi qərarını qlobal hadisə, beynəlxalq münasibətlərdə yeni, keyfiyyətli keçid üçün real imkan kimi qiymətləndirir. Əslində, Türkmənistanın təşəbbüsü bütün dövlətləri dünya nizamının əsas prinsipi kimi sülh və etimad ideyasının həyata keçirilməsinin siyasi, ideoloji və praktiki aspektləri də daxil olmaqla birgə işə başlamağa dəvət və çağırışdır".

Q.Elyasov vurğulayıb ki, Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir:
"Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan, bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik. İndi Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın əsas perspektiv istiqamətləri haqqında məlumat vermək istərdim".

O bildirib ki, nəqliyyat sahəsində əməkdaşlığımız həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır, daha dəqiq desək, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində işləyən və ərazilərimizdən yüklərin tranzitini təmin edir.

"Çünki tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil. Və bu gün nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistan və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətindən xəbər verir. Limanlarımızın daha böyük imkanlarını qeyd etmək vacibdir, çünki bizim Xəzər dənizindəki qonşularımızla müqayisədə yüklərin daşınması üçün böyük potensialımız var ki, bu da bizim həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğumuzu göstərir. Bu baxımdan, əməkdaşlığımızın bütün nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsini zəruri hesab edirəm".

Q.Elyasov qeyd edib ki, neft-qaz sektoru Türkmənistan və Azərbaycan Respublikası enerji sektorunda çox sıx ticarət-iqtisadi əlaqələrə malikdir:

"Məlum olduğu kimi, əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır. Hazırda Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir, o cümlədən Xəzər dənizi vasitəsilə, qardaş ölkələrimiz olan Azərbaycan və Türkiyə ərazisi ilə enerji ehtiyatlarının üçüncü ölkələrin bazarlarına nəqlinin artırılması imkanları qiymətləndirilir. Rabitə və rəqəmsal xidmətlər. Hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır. Bu layihənin əsasını “Türkmentelekom” telekommunikasiya şirkəti ilə “AzerTelecom” MMC arasında Türkmənistan-Azərbaycan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlətinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Anlaşma Memorandumu təşkil edir. Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir".

Səfir deyib ki, bütövlükdə, Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var, iki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər:

"Bununla belə, ölkələrimizin böyük potensialını nəzərə alaraq, kiçik və orta biznes sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, tərəfdaşlığın yeni perspektiv sahələrini tapmaq, qarşılıqlı investisiya layihələrini qiymətləndirmək, bir-birimiz üçün biznes forumlar və beynəlxalq sərgilər təşkil etmək lazımdır, bu da, əminəm ki, ticarət-iqtisadi əməkdaşlığın intensivləşməsinə, biznes əlaqələrinin genişləndirilməsi perspektivlərinə töhfə verəcəkdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti