Bakı. Trend:
İranın Kərəc şəhərində yerləşən Payam beynəlxalq hava limanı İsrailin hava hücumuna məruz qalıb.
Trend xəbər verir ki, bu haqda “Fars” dövlət xəbər agentliyi məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl Kərəc şəhərində partlayış baş verib. İsrail növbəti hücum çərçivəsində Payam hava limanı ətrafına zərbə endirib. Hazırda partlayışın baş verdiyi ərazidə yanğınsöndürənlər və xilasetmə maşınları var”, — deyə materialda bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.