Bakı. Trend:
İran-İsrail gərginliyinin davam etməsi fonunda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanlığı İranla sərhəddəki qoşunların hazırlıq səviyyəsini yoxlamaq məqsədilə Vana səfər edib. Y.Gülər İranda baş verən son hadisələr səbəbindən Türkiyə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib.
Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.
İsrail ilə İran arasında davam edən toqquşmalar çərçivəsində açıqlama verən Yaşar Gülər deyib:
“Bölgəmizdə və dünyada hər keçən gün artan risk və təhdidlərin müşahidə olunduğu həssas bir dövrü yaşayırıq. Şübhəsiz ki, belə kritik bir şəraitdə ölkəmizin bu çoxistiqamətli təhlükə və təhdidlərə qarşı daim güclü və ayıq olması zəruridir",, - deyə nazir bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
