Bakı. Trend:
Səhiyyə Nazirliyi tərəfindən müxtəlif ixtisas sahələri üzrə klinik protokolların hazırlanması və təkmilləşdirilməsi istiqamətində işlər sistemli şəkildə davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən məlumat verilib.
Bildirilir ki, Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə 2025-ci il ərzində 11 klinik protokol təsdiq edilib. Cari il ərzində isə nazirliyin əmri ilə əlavə olaraq 14 klinik protokol təsdiq olunub.
"Təsdiq edilmiş klinik protokolların bir qismi ölkə üzrə müvafiq sahələrdə ilk dəfə hazırlanaraq tətbiqə təqdim edilmiş sənədlərdir. Bu protokollar onkologiya, uşaq onkologiyası, stomatologiya, oftalmologiya, travmatologiya və diyetologiya sahələrini əhatə edir.
Hazırda, nazirlikdə üz-çənə cərrahiyyəsi, yardımçı reproduktiv texnologiyalar, mama-ginekologiya, travmatologiya, onko-hematologiya və stomatologiya sahələri üzrə yeni klinik protokolların hazırlanması prosesi davam etdirilir.
Bununla yanaşı, əvvəlki illərdə hazırlanmış klinik protokolların müasir tibbi elmi nailiyyətlərə və beynəlxalq praktikaya uyğunlaşdırılması məqsədilə onların yenilənməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir", - qurumdan əlavə olunub.
