...

Naxçıvanla İğdır arasında indiyədək həyata keçirilən reyslərin sayı məlum olub

Gündəm Materials 6 Mart 2026 16:37 (UTC +04:00)
Naxçıvanla İğdır arasında indiyədək həyata keçirilən reyslərin sayı məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.

Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.

İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti