Bakı. Trend:
İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının ərazisinə həyata keçirdiyi hücumdan sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi minnətdarlığımızı bildiririk.
Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
“Azərbaycana göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına verilən aydın dəstəyi yüksək qiymətləndiririk.
Bu müddət ərzində Azərbaycanın yanında olan bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki
vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar
həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz
uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri
Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,
digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki
infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və
məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.
