Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın mövcud rəhbərlik strukturunun tamamilə aradan qaldırılmasını görmək istəyir və “yaxşı lider” üçün artıq bəzi namizədləri nəzərində saxlayır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz daxil olub hər şeyi təmizləmək istəyirik,” - deyə Tramp "NBC News"a bildirib.
“Biz istəyirik ki, onların yaxşı lideri olsun. Məncə bu işi yaxşı görə biləcək bəzi insanlar var,”- deyə o əlavə edib, lakin konkret ad çəkməkdən imtina edib.
Tramp həmçinin bildirib ki, onun siyahısında olan şəxslərin müharibədən sağ çıxmasını təmin etmək üçün müəyyən addımlar atır.
“Bəli, biz onları izləyirik,” — deyə o qeyd edib.
Trampın bu açıqlamaları onun şənbə günü "NBC News"a verdiyi müsahibədə səsləndirdiyi fikirlərin davamıdır. İranda növbəti rəhbərin kim olacağı sualına cavab verən Tramp belə deyib:
“Bilmirəm, amma müəyyən bir məqamda onlar mənə zəng edib kimə üstünlük verdiyimi soruşacaqlar”.
Tramp həmçinin cümə axşamı İranın xarici işlər naziri Abbas Əraqçının “NBC Nightly News” proqramına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail qüvvələrinin mümkün quru əməliyyatına hazır olduğunu deməsinə münasibət bildirib.
Tramp bu bəyanatı “boş sözlər” adlandırıb və hazırda quru əməliyyatının onun gündəmində olmadığını bildirib.
“Bu, vaxt itkisidir. Onlar hər şeylərini itiriblər. Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər,” — deyə o vurğulayıb və əlavə edib ki, zərbələrin tempi və intensivliyi davam edəcək.
