Bakı.Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63170 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
