Bakı. Trend:
Azərbaycan və Moldova ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Yaxın illər üçün biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəldik. Bu məsləhətləşmələrə ikitərəfli müqavilə-hüquq bazasının təhlili və konsulluq məsələləri də daxildir. Görüş zamanı tərəflər iqtisadi əməkdaşlığın əhəmiyyətini və 2025-ci ildə ikitərəfli ticarətdə müşahidə olunan müsbət dinamikanı vurğuladılar. Həmin il ikitərəfli ticarətdə artım 22 faiz təşkil edib”, – deyə nazir bildirib.
O qeyd edib ki, hazırkı ikitərəfli ticarət göstəriciləri hələ də mövcud potensiala tam uyğun deyil.
“Biz bu istiqamətdə iqtisadi, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi barədə razılığa gəlmişik”, – deyə M.Popşoi vurğulayıb.
