Bakı. Trend:
Bu ilin fevral ayı ərzində Agentliyin müəssisələrinə ümumilikdə 57 nəfər qəbul olunub və benefisiarlar müxtəlif xidmətlərlə əhatə olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qeyd edilib ki, onlardan 34 nəfəri kişi, 23 nəfəri isə qadındır.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bütün ölkəni əhatə edən 13 filialı və 21 müəssisəsi ilə həssas kateqoriyadan olan şəxslərə səyyar, stasionar və yarımstasionar formada xidmətlər göstərilir.
Agentliyin tabeliyində olan sosial xidmət müəssisələri vasitəsilə sosial xidmətə ehtiyacı olan şəxslər stasionar və yarımstasionar şəkildə sosial-məişət, həmçinin sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlərlə təmin olunurlar.
Bu xidmətlərə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, uşaq evləri və s. müəssisələrdə göstərilən xidmətlər daxildir.
Müəssisələrdə mütəmadi olaraq sosial reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər görülür, xidmətlərə dair müasir standartların və innovativ yanaşmanın tətbiq olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həmçinin sakinlərin asudə vaxtının səmərəli təşkili, onların cəmiyyətə sağlam inteqrasiyası daim diqqətdə saxlanır", - məlumatda bildirilib.
