Bakı. Trend:
Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun detallarını açıqlayıb.
Şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Anlaşma Memorandumu ilkin 12 aylıq müddət üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Vurğulanıb ki, bu müddət ərzində əsas diqqət birgə qiymətləndirmə fəaliyyətlərinə, təcrübə mübadiləsinə və bərpa olunan enerji mənbələrinə gələcək investisiyaları dəstəkləyə biləcək şərtlərin hazırlanmasına yönələcək.
Qeyd edilib ki, memoranduma əsasən, BOEMDA və ENNA Azərbaycanın bərpa olunan enerji sektorunda mövcud imkanların qiymətləndirilməsi və iqtisadi cəhətdən səmərəli investisiyalar üçün zəruri əsas şərtlərin müəyyən edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Vurğulanıb ki, bu əməkdaşlıq xüsusilə bərpa olunan enerji layihələrinə, o cümlədən günəş elektrik stansiyaları və külək elektrik stansiyalarına yönələcək.
“Əməkdaşlıq çərçivəsində BOEMDA, müvafiq Azərbaycan enerji qurumları və ENNA nümayəndələrindən ibarət Birgə Rəhbər Komitəsinin yaradılması nəzərdə tutulur. Bu komitə Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirəcək, nəzarət edəcək və qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.
Bu Anlaşma Memorandumu “ENNA Group”un Enerji bölməsinin beynəlxalq genişlənməsində mühüm addım olmaqla yanaşı, şirkətin xarici bazarlardakı mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur. Memorandumun imzalanması ilə ENNA Azərbaycanın bərpa olunan enerji layihələrinə potensial investisiyalara gətirib çıxara biləcək əməkdaşlıq çərçivəsini əldə edən ilk Xorvatiya şirkəti və ilk Avropa şirkətlərindən biri olub. Bu investisiyalar əlavə qiymətləndirmələr və müvafiq təsdiqlərdən asılı olacaq”, - məlumatda qeyd edilib.
Cavid Abdullayev bildirib ki, Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti ilə imzalanan Anlaşma Memorandumu ilə bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılması və mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur: "Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfelə malik olan şirkətidir. O, yalnız bərpa olunan enerji sahəsində fəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istər bərpa olunan enerji mənbələrinin ərazilərinin Azərbaycanda diversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasının diversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmiz üçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstək verəcək".
“ENNA Group”un baş icraçı direktoru Boştjan Napast isə qeyd edib:
“Bu Anlaşma Memorandumu ENNA Group üçün beynəlxalq bazarlarda irəliyə doğru böyük addımdır və uzunmüddətli, keyfiyyətli tərəfdaşlıqlar vasitəsilə enerji keçidinə töhfə vermək ambisiyamızı təsdiqləyir. Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak imkanları nadir və strateji əhəmiyyətə malikdir. Etibarlı tərəfdaş kimi tanınmağımızdan qürur duyuruq və Energetika Nazirliyi ilə birlikdə dayanıqlı və kommersiya baxımından əsaslandırılmış layihələrin potensialını qiymətləndirməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, bu il martın 3-də Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində imzalanıb.
Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "Energia Naturalis d.o.o" şirkətinin İdarə Heyətinin sədri Boştjan Napast imzalayıblar.
