Bakı.Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatoloqu Sevinc Yusubova ilə yenidoğulmuşlarda pnevmoniya mövzusunda müsahibə hazırlayıb.
Trend müsahibəni təqdim edir:
- Yenidoğulmuşlarda pnevmoniya nədir və niyə bu xəstəlik xüsusi təhlükə yaradır?
- Yenidoğulmuşlarda pnevmoniya — həyatın ilk 28 günü ərzində yaranan ağciyərlərin infeksion-iltihabi xəstəliyidir. Bu dövrdə uşağın immun sistemi hələ tam formalaşmadığı üçün orqanizmin infeksiyalara qarşı müqaviməti çox zəif olur. Ağciyərlər də tam inkişaf etmədiyinə görə, tənəffüs sistemi böyüklərlə müqayisədə daha həssasdır. İnfeksiya ağciyər toxumasını tez zədələyə və normal qaz mübadiləsini poza bilər.
Yenidoğulmuşlarda pnevmoniya çox vaxt qəfil başlayır və sürətlə inkişaf edir. Xəstəliyin ilkin mərhələsində simptomlar zəif ifadə oluna bilər ki, bu da erkən diaqnozu çətinləşdirir. Vaxtında aşkarlanmadıqda infeksiya qana keçərək sepsisə səbəb ola bilər. Bu vəziyyət isə uşağın həyatı üçün birbaşa təhlükə yaradır.
Pnevmoniya xüsusilə vaxtından əvvəl doğulmuş və az çəkili uşaqlarda daha ağır keçir. Çünki onların həm ağciyərləri, həm də immun sistemi daha zəif və yetkinləşməmiş olur. Statistik məlumatlara görə, neonatal dövrdə baş verən ölüm hallarının əhəmiyyətli bir hissəsi məhz infeksiyalar, o cümlədən pnevmoniya ilə bağlıdır. Buna görə də bu xəstəlik həm həkimlər, həm də valideynlər tərəfindən xüsusi diqqət tələb edir.
- Yenidoğulmuşların ağciyərləri niyə infeksiyaya daha həssasdır və onlarda pnevmoniya necə inkişaf edir?
- Yenidoğulmuşların ağciyərləri struktur və funksional baxımdan tam formalaşmamış olur. Ağciyərlərdə alveolların sayı və elastikliyi böyüklərlə müqayisədə azdır. Nəfəs alma zamanı alveolların açıq qalmasına kömək edən qoruyucu maddə kifayət qədər sintez olunmur. Bu isə ağciyərlərin tez çökməsinə və iltihabi prosesin daha asan yayılmasına şərait yaradır.
Yenidoğulmuşlarda öskürək və bəlğəmi xaric etmə refleksi zəif inkişaf edib. Nəticədə, mikroblar və maye ağciyərlərdə daha uzun müddət qalır. Ağciyərləri təmizləyən müdafiə mexanizmləri yetərincə effektiv deyil. Bundan əlavə, yenidoğulmuşların tənəffüs yolları dar olduğu üçün hətta cüzi iltihab belə ciddi nəfəs problemlərinə səbəb ola bilər. Bütün bu amillər pnevmoniyanın yenidoğulmuşlarda daha tez yayılmasına və ağır keçməsinə şərait yaradır. Bu səbəbdən neonatal dövrdə hər bir nəfəs pozuntusu diqqətlə qiymətləndirilməlidir.
Pnevmoniya zamanı mikroblar ağciyər toxumasına daxil olaraq iltihabi proses yaradır. Ağciyərlər iltihabi maye ilə dolur. Bu maye oksigenin qana keçməsinə ciddi maneə yaradır. Nəticədə körpənin qanında oksigen səviyyəsi azalır və karbon qazı yığılmağa başlayır. Oksigen çatışmazlığı bütün orqanlara təsir göstərir. Beyin, ürək və digər həyati orqanlar oksigensiz qalır. Bu körpənin ümumi vəziyyətinin sürətlə pisləşməsinə səbəb olur. Eyni zamanda, iltihabi maddələr qan dövranına keçərək bütün bədəndə iltihabi reaksiya yaradır. Bu proses davam etdikcə respirator asidoz, qan dövranı pozğunluğu və çoxorqanlı çatışmazlıq inkişaf edə bilər. Məhz buna görə, neonatal pnevmoniya təkcə ağciyər xəstəliyi deyil, bütün orqanizmi əhatə edən ciddi vəziyyət kimi qiymətləndirilir.
- Yenidoğulmuşlarda pnevmoniya nə vaxt yaranır və hansı formalarda müşahidə olunur?
- Yenidoğulmuşlarda pnevmoniya yaranma vaxtına görə iki əsas formada müşahidə olunur: erkən və gec başlayan. Erkən başlayan pnevmoniya adətən həyatın ilk 72 saatında, yəni doğuşdan dərhal sonra üzə çıxır. Bu forma çox vaxt anadan körpəyə keçən infeksiya nəticəsində inkişaf edir. Mikroblar doğuşdan əvvəl və ya doğuş müddətində yaranan komplikasiyalar zamanı körpənin orqanizminə daxil ola bilər.
Erkən başlayan pnevmoniya çox vaxt sepsis fonunda inkişaf edir və körpənin vəziyyəti sürətlə ağırlaşa bilər. Bu mərhələdə körpədə tənəffüs pozğunluqları, oksigen çatışmazlığı və ümumi zəiflik müşahidə olunur. Həkimlərin tez müdaxiləsi və ilkin antibiotik müalicəsi çox vacibdir, çünki gecikmə həyati riskləri artırır.
Gec başlayan pnevmoniya isə həyatın üçüncü günündən sonra meydana çıxır və əsasən xəstəxana şəraitində uzunmüddətli müalicə alan körpələrdə görülür. Bu formaya invaziv prosedurlar, süni tənəffüs aparatına qoşulma, kateter və ya digər xəstəxana cihazlarının istifadəsi səbəb ola bilər. Gec başlayan pnevmoniya adətən daha uzun və mürəkkəb müalicə tələb edir.
Prematür körpələr və immun sistemi zəif olan uşaqlar həm erkən, həm də gec başlayan pnevmoniya üçün yüksək risk qrupuna daxildir. Bu səbəbdən neonatal intensiv terapiya şöbəsində xəstələrin daim nəzarətdə saxlanması vacibdir. Erkən və gec başlayan pnevmoniyaların simptomları oxşar olsa da, yaranma səbəbi və müalicə strategiyası fərqlidir. Valideynlər və tibb işçiləri üçün mühüm göstəricilər arasında sürətli nəfəs alma, tənəffüs əlamətləri və qidalanma pozğunluğu ilk sıralardadır. Hər bir respirator və ümumi vəziyyət dəyişməsi ciddi qiymətləndirilməli və müalicəyə dərhal başlanmalıdır.
- Yenidoğulmuşlarda pnevmoniyanın əsas səbəbləri və kliniki əlamətləri hansılardır?
- Yenidoğulmuşlarda pnevmoniyanın yaranmasının əsas səbəbləri bakterial və viral infeksiyalardır. Bəzi bakteriyalar, məsələn, “Group B Streptococcus”, “Escherichia coli” və “Staphylococcus aureus” körpələr üçün xüsusi təhlükə daşıyır. Viruslar isə ağciyər toxumasına zədələyici təsir göstərərək tənəffüs yollarının iltihabına səbəb olur və xəstəliyin inkişafını sürətləndirir.
Uzunmüddətli antibiotik müalicəsi alan körpələrdə isə göbələk infeksiyalarının yaranma riski artır. Bu, xüsusilə xəstəxana şəraitində uzun müddət qalan və ciddi xəstəliklər keçirən körpələr üçün aktualdır. Aspirasiya, yəni ağciyərlərə maye və ya bədən möhtəviyyatının düşməsi, pnevmoniyanın digər mühüm səbəbidir. Məsələn, doğuş zamanı döl suyunun və ya mekoniumun aspirasiya olunması ağciyərlərdə kimyəvi və mexaniki zədələnmə yaradır və infeksiyanın inkişafına şərait yaradır. Bundan əlavə, mədə möhtəviyyatının tənəffüs yollarına keçməsi də infeksiya riskini artırır. Bu hallar ağciyər toxumasında iltihabi prosesin sürətlə yayılmasına səbəb olur. Prematür körpələrdə bu risk daha yüksəkdir, çünki onların ağciyərləri tam inkişaf etməyib və müdafiə mexanizmləri zəifdir. Klinik əlamətlər çox vaxt qeyri-spesifik olur və digər neonatal xəstəliklərlə qarışdırıla bilər. Ən erkən və diqqət çəkən əlamətlərdən biri sürətli və səthi nəfəs almadır. Nəfəs alarkən burun qanadlarının hərəkəti və döş qəfəsinin içəri çəkilməsi tənəffüsün çətinləşdiyini göstərir. Nəfəs verərkən eşidilən inləmə səsləri və dəridə göyərmə oksigen çatışmazlığının əlamətləridir. Bəzi körpələrdə apnoe epizodları, yəni nəfəsin müvəqqəti dayanması müşahidə olunur ki, bu da həyati risk yaradır. Digər əlamətlərə qidalanma pozğunluğu, zəif hərəkət və ümumi letargiya daxildir. Bütün bu əlamətlər hər bir neonatoloq və valideyn üçün ciddi siqnaldır. Hər hansı respirator dəyişiklik və ya qeyri-adi davranış dərhal qiymətləndirilməli və təcili tibbi müdaxilə təmin edilməlidir. Bu, xəstəliyin ağırlaşmasının qarşısını almaqda həyati əhəmiyyət kəsb edir.
- Xəstəlik körpənin ümumi vəziyyətinə necə təsir edir?
- Yenidoğulmuşlarda pnevmoniya zamanı körpənin ümumi vəziyyəti qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə pisləşir. Ən erkən dəyişikliklərdən biri körpənin əvvəlki aktivliyini itirməsi, süstləşməsi və ətraf mühitə reaksiyasının azalmasıdır. Körpə səsə, toxunuşa və valideynin yaxınlığına əvvəlki kimi cavab verməyə bilər. Bu hal mərkəzi sinir sisteminin oksigen çatışmazlığına həssas reaksiya verməsi ilə əlaqədardır.
Xəstəlik zamanı qidalanma prosesi ciddi şəkildə pozulur. Körpənin əmmək refleksi zəifləyir, əmərkən tez yorulur və qısa müddətdən sonra süd qəbulunu dayandırır. Bəzi hallarda isə körpə tamamilə qidalanmadan imtina edir ki, bu da bədənin enerji ehtiyacının ödənilməməsinə və vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Qidalanma pozğunluğu eyni zamanda susuzlaşma riskini də artırır.
Bədən temperaturunun qeyri-sabit olması pnevmoniyanın mühüm əlamətlərindən biridir. Körpədə həm yüksək hərarət, həm də normadan aşağı temperatur müşahidə oluna bilər. Xüsusilə aşağı temperatur infeksiyanın ağır gedişinə işarə edə bilər və valideynlər tərəfindən bəzən yanlış olaraq təhlükəsiz hal kimi qiymətləndirilir. Halbuki, bu vəziyyət təcili tibbi qiymətləndirmə tələb edir.
Ürək-damar sistemi də infeksiyadan təsirlənir. Ürək döyüntüləri sürətlənə və ya əksinə, yavaşıya bilər. Bu dəyişikliklər bədənin oksigen çatışmazlığına və iltihabi prosesə verdiyi reaksiyanın göstəricisidir. Dəri solğun, bəzən boz rəngdə görünə bilər, əllər və ayaqlar soyuq olur. Bu, periferik qan dövranının zəiflədiyini və həyati orqanların qorunması üçün qan axınının yenidən paylandığını göstərir.
Bütün bu əlamətlər infeksiyanın yalnız ağciyərlərlə məhdudlaşmadığını, bütün orqanizmə yayıldığını göstərir. Bu mərhələdə gecikmiş tibbi müdaxilə körpənin həyatı üçün ciddi risk yarada bilər və təcili müalicə zəruridir.
- Yenidoğulmuşlarda pnevmoniya necə diaqnoz olunur?
- Yenidoğulmuşlarda pnevmoniyanın diaqnozu yalnız bir əlamətə əsaslanmır və hərtərəfli qiymətləndirmə tələb edir. İlk olaraq həkim körpənin klinik vəziyyətini diqqətlə dəyərləndirir. Körpənin nəfəs almasının sürəti, nəfəs zamanı döş qəfəsinin hərəkəti, dərinin rəngi və ümumi davranışı mühüm diaqnostik əhəmiyyət daşıyır. Sürətli, səthi və ya çətin nəfəs alma pnevmoniyaya işarə edə bilər.
Laborator müayinələr diaqnozun təsdiqlənməsində mühüm rol oynayır. Qan analizlərində infeksiyanın mövcudluğunu göstərən dəyişikliklər aşkarlana bilər. İltihabi göstəricilərin yüksəlməsi orqanizmdə aktiv infeksion prosesin getdiyini göstərir. Bu analizlər həmçinin xəstəliyin ağırlıq dərəcəsinin qiymətləndirilməsinə kömək edir.
Qan qazlarının analizi körpənin orqanizmində oksigen və karbon qazı balansını göstərir. Müayinə vasitəsilə oksigen çatışmazlığı, tənəffüs pozğunluqları və asidoz kimi vəziyyətlər vaxtında aşkarlana bilər. Bu məlumatlar müalicə taktikasının seçilməsində həlledici rol oynayır.
Mikrobioloji müayinələr də diaqnoz üçün vacibdir. Qan və tənəffüs yollarından götürülən nümunələr infeksiyanın törədicisini müəyyən etməyə imkan verir. Bu isə, daha məqsədyönlü müalicənin aparılmasına şərait yaradır. Ağciyər rentgen müayinəsi ağciyərlərdə iltihabi sahələri, konsolidasiya və digər dəyişiklikləri göstərir.
Son illərdə ağciyər ultrasəs müayinəsi də geniş tətbiq olunur. Bu üsul şüalanma vermədiyindən, xüsusilə yenidoğulmuşlar üçün təhlükəsiz hesab olunur və xəstəliyin gedişini izləməkdə faydalıdır.
- Yenidoğulmuşlarda pnevmoniya necə müalicə olunur?
- Yenidoğulmuşlarda pnevmoniya diaqnozu qoyulan kimi müalicə dərhal başlanmalıdır. Müalicənin gecikdirilməsi xəstəliyin sürətlə ağırlaşmasına səbəb ola bilər. İlkin mərhələdə əsas müalicə infeksiyaya qarşı antibiotiklərin verilməsindən ibarətdir. Çox vaxt infeksiyanın konkret törədicisi məlum olmadan empirik müalicəyə başlanılır və sonradan analiz nəticələrinə uyğun olaraq dərmanlar dəqiqləşdirilir.
Dəstəkləyici müalicə pnevmoniyanın idarə olunmasında çox vacibdir. Körpənin orqanizminə kifayət qədər oksigen çatdırılması əsas məqsədlərdən biridir. Bu məqsədlə, oksigenoterapiya tətbiq olunur. Nəfəs çatışmazlığı dərin olduqda CPAP və ya süni tənəffüs aparatlarından istifadə edilə bilər. Bu üsullar ağciyərlərin açıq qalmasına və oksigen mübadiləsinin yaxşılaşmasına kömək edir.
Maye və elektrolit balansının qorunması da müalicənin mühüm hissəsidir. Qidalanma pozulduğu üçün körpənin maye ehtiyacı venadaxili yolla ödənilə bilər. Eyni zamanda bədən temperaturunun stabil saxlanılması üçün körpə termonevtral mühitdə yerləşdirilir. Bu, əlavə enerji itkisinin qarşısını alır və sağalma prosesini sürətləndirir.
Əgər pnevmoniyanın səbəbi virus və ya göbələk infeksiyasıdırsa, müvafiq antiviral və ya antifungal preparatlar təyin olunur. Müalicə prosesi ərzində körpənin vəziyyəti daim nəzarətdə saxlanılır, analizlər təkrar qiymətləndirilir və müalicə planı zərurət olduqda dəyişdirilir. Bu kompleks yanaşma pnevmoniyanın uğurla müalicə olunmasının əsas şərtidir.
- Pnevmoniyanın nəticəsi və uzunmüddətli təsirləri nələrdir?
- Yenidoğulmuşlarda pnevmoniyanın nəticəsi bir çox amildən asılıdır və hər körpədə eyni şəkildə özünü göstərmir. Proqnoz ilk növbədə körpənin gestasiya yaşına, yəni hamiləliyin neçə həftəsində doğulmasına və doğum zamanı çəkisinə bağlıdır. Vaxtında, yəni xəstəlik erkən mərhələdə aşkar edildikdə və müalicə düzgün şəkildə aparıldıqda əksər körpələr tam sağalır və uzunmüddətli fəsadlar müşahidə olunmur.
Vaxtında diaqnoz qoyulan və kompleks müalicə alan körpələrdə ağciyər toxuması tədricən bərpa olunur, tənəffüs funksiyası normallaşır və körpə yaşına uyğun inkişafını davam etdirir. Bu uşaqlarda sonradan əlavə tənəffüs problemlərinin yaranma ehtimalı nisbətən aşağı olur. Müalicə sonrası həkim nəzarətində aparılan müntəzəm müayinələr sağalmanın tam baş verdiyini təsdiqləməyə imkan verir.
Lakin prematür, yəni vaxtından əvvəl doğulan körpələrdə vəziyyət daha fərqli ola bilər. Bu körpələrin ağciyərləri tam inkişaf etmədiyi üçün pnevmoniya ağciyər toxumasına daha ciddi təsir göstərə bilər. Prematür körpələrdə bronxopulmonar displazi adlanan xroniki ağciyər xəstəliyinin yaranma riski yüksəkdir. Bu vəziyyət uzun müddət oksigenə ehtiyac, tez-tez tənəffüs infeksiyaları və nəfəs darlığı ilə müşayiət oluna bilər.
Uzunmüddətli təsirlər sırasında tez-tez xəstələnmə, fiziki yüklənmə zamanı tez yorulma və bəzən tənəffüsün səthi qalması müşahidə edilə bilər. Buna görə də, pnevmoniya keçirmiş, xüsusilə prematür doğulmuş uşaqlar uzun müddət pediatr və neonatoloq nəzarətində saxlanmalıdır. Müntəzəm müayinələr gələcəkdə yarana biləcək problemlərin erkən aşkarlanmasına kömək edir.
Erkən tibbi müdaxilə, düzgün seçilmiş müalicə və müalicədən sonrakı nəzarət pnevmoniyanın uzunmüddətli fəsadlarının qarşısının alınmasında həlledici rol oynayır. Bu yanaşma körpənin sağlam gələcək inkişafı üçün əsas şərtdir.
- Sonda oxuculara bu xəstəliklə bağlı nə demək istərdiz?
- Yenidoğulmuşlarda pnevmoniya yüksək risk daşıyan və diqqətli yanaşma tələb edən ciddi bir xəstəlikdir. Xəstəlik vaxtında aşkar olunmadıqda və müalicə gecikdirildikdə ağırlaşmalar və həyati risklər yarana bilər. Lakin müasir tibbi imkanlar və düzgün təşkil olunmuş müalicə sayəsində bu xəstəlik uğurla idarə oluna bilir.
Erkən diaqnoz, məqsədyönlü dərman müalicəsi və dəstəkləyici tədbirlərin birlikdə aparılması müsbət nəticə əldə etməyin əsasını təşkil edir. Həkim nəzarətinin davamlı olması, laborator və instrumental müayinələrin düzgün və vaxtında icrası xəstəliyin gedişinin izlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Valideynlərin məlumatlı olması, körpədə baş verən ən kiçik dəyişikliklərə belə diqqət yetirməsi və şübhəli hallarda dərhal həkimə müraciət etməsi körpənin həyatını xilas edə bilər. Unutmaq olmaz ki, pnevmoniya ilə mübarizədə ən güclü silah erkən müdaxilə və düzgün tibbi yanaşmadır.
