Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 392,2 milyon ABŞ dolları təşkil edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 164,2 milyon ABŞ dolları və ya 1,4 dəfə azdır.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4,6% artaraq 125,7 milyon ABŞ dolları, idxalının dəyəri isə 1,6 dəfə azalaraq 266,5 milyon ABŞ dolları olub.
Hesabat ayı ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 5,62%, idxalında payı isə 20,47% olub.
Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus və Ukrayna ilə formalaşıb.
Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 244,9 milyon ABŞ dolları (1,7 dəfə az), Belarus ilə 38,9 milyon ABŞ dolları (+17,4%), Ukrayna ilə isə 35,5 milyon ABŞ dolları (-20%) təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
