Bakı. Trend:
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bununla əlaqədar hazırda İran İslam Respublikasından Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycan Respublikasından İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhəd buraxılış məntəqələrindən buraxılışına başlanılıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki
vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar
həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz
uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri
Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib,
digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki
infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və
məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.
